"Kür"ün həndbolçusu: "Avropa Kubokunda növbəti mərhələyə vəsiqə qazanacağımızı düşünürdük"
- 07 oktyabr, 2025
- 16:09

Qadınlardan ibarət "Kür" həndbol klubunun üzvləri Avropa Kubokunun 1/32 final mərhələsinin oyunlarından əvvəl növbəti raunda vəsiqə qazanacaqlarını düşünürlərmiş.
Bu barədə komandanın oyunçusu Mədinə Musayeva "Report"a açıqlama verib.
O, cari mövsüm heyətdə bir sıra dəyişikliklər olduğunu xatırladıb:
"Bir neçə həndbolçu dəvət olundu, heyət yeniləndi. Buna baxmayaraq, həm texniki, taktiki, həm də fikizi baxımdan çox ciddi hazırlıq prosesi keçdik. Hər gün iki dəfə məşq edirdik və oyunlara tam hazır idik".
M.Musayeva Portuqaliya təmsilçisi "San Pedru du Sul" ilə qarşılaşmalara toxunub:
"Rəqibi təhlil edərkən inamımız tam idi. Düşünürdük ki, mərhələni keçmək üçün gücümüz var. Birinci oyunda hamı maksimum səviyyədə oynadı, yaxşı performans göstərdi və nəticədə görüş heç-heçə yekunlaşdı. Amma ikinci oyunda həm yorğunluq özünü göstərdi, həm də rəqib bizi daha dərindən təhlil etdiyi üçün müəyyən boşluqlardan istifadə etdi və qalib gəldi".
Həndbolçu növbəti hədəfləri barədə danışıb:
"Məğlubiyyətə baxmayaraq, ruhdan düşmürük. Qarşıda bizi həm çempionat, həm də kubok oyunları gözləyir. Hədəfimiz hər iki titula sahib çıxmaqdır".
Qeyd edək ki, "Kür" ilk matçda rəqibi ilə bərabərə qalıb - 26:26. İkinci matçda Portuqaliya klubu sevinən tərəf olub - 31:23. Hər iki qarşılaşma Bakıda keçirilib.