İtaliyada 2026-cı ilin Qış Olimpiya Oyunlarının məşəli Qədim Muzeydə alovlandırılacaq
- 24 noyabr, 2025
- 06:13
İtaliyada keçiriləcək 2026-cı ilin Qış Olimpiya Oyunlarının rəsmi Olimpiya məşəlinin alovlanması mərasimi gözlənilən pis hava şəraiti səbəbindən 26 noyabrda Qədim Olimpiya Arxeologiya Muzeyində keçiriləcək.
"Report"un xəbərinə görə, bu barədə Yunanıstanın Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.
Məlumata görə, 25 və 26 noyabrda gözlənilən əlverişsiz hava şəraiti səbəbindən Milan və Kortina d Ampezzoda keçiriləcək 2026-cı ilin Olimpiya oyunlarının Məşəlinin alovlanması mərasimi Olimpiya Arxeologiya Muzeyində qapalı məkanda keçiriləcək. MOK vurğulayıb ki, bu dəyişiklik bütün iştirakçıların təhlükəsizliyini və mərasimin nüfuzunu təmin etmək üçün zəruri hesab edilib.
İlkin məlumata görə, Olimpiya məşəlinin alovlandırılması mərasimində Yunanıstan Prezidenti Konstantinos Tasulas, Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Kirsti Koventri, Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Covanni Malaqo, Yunanıstan MOK-un prezidenti İsidoros Kuvelos və Qədim Olimpiya şəhərinin meri Aristidis Panaytopoulos iştirak edəcəklər.
Olimpiya Komitəsi muzeyin məhdud tutumu səbəbindən tədbirin geniş ictimaiyyət üçün qapalı olacağını vurğulayıb. "Yunanıstan Olimpiya Komitəsi zəruri düzəlişlərə baxmayaraq, mərasimin müqəddəsliyinə, ənənəsinə və ruhuna tam hörmətlə yanaşmaq üçün hər cür səy göstərir", - MOK-un saytında dərc olunmuş bəyanatda deyilir.