Belarus millisinin baş məşqçisi: "III MDB Oyunlarını kiçik Olimpiya Oyunları ilə müqayisə etmək olar"
- 06 oktyabr, 2025
- 16:50

III MDB Oyunlarını kiçik Olimpiya Oyunları ilə müqayisə etmək olar.
Bunu "Report"un Qərb bürosuna açıqlamasında Belarusun voleybol üzrə qızlardan ibarət U-15 millisinin baş məşqçisi Gennadi Aleksandroviç deyib.
O, təşkilatçılıqdan razı olduğunu, yarışın açılış mərasiminin əla keçdiyini vurğulayıb:
"Birinci dəfədir Azərbaycandayam. Zallar, atmosfer, otellər, qidalanma yüksək səviyyədədir. Gəncə çox təmiz, səliqəli şəhərdir. İnsanlar mülayım və mehribandırlar. Burada olmaq bizim üçün çox xoşdur. Bu oyunlar böyük beynəlxalq təcrübə deməkdir. Azərbaycan komandası da bizim komanda kimi tam təcrübəli deyil, uzun müddət çalışılmalıdır. Görünür, bizdə olduğu kimi, Azərbaycanda da oyunçu seçimi məhduddur".
Mütəxəssis Rusiya ilə final matçına da toxunub:
"Rusiya yığmasının üzvlərinin hamısı ucaboydur. Həmçinin onlar digər komandalardan daha təcrübəlidirlər. Bu baxımdan daha yaxşı nəticə göstərib birinci oldular".
Qeyd edək ki, Belarus millisi finalda Rusiya yığmasına 0:3 hesabı ilə məğlub olub.