Azərbaycanlı mütəxəssis: "Klublarımızın Avropa Kubokundakı duelində "Neftçi" qələbə qazanacaq"

Komanda
  • 19 noyabr, 2025
  • 11:53
Azərbaycanlı mütəxəssis: Klublarımızın Avropa Kubokundakı duelində Neftçi qələbə qazanacaq
Şəhriyar Əsgərov

"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov FIBA Avropa Kubokunun əsas mərhələsində bu gün keçiriləcək Azərbaycan klublarının duelində "Neftçi"nin qələbə qazanacağını düşünür.

Təcrübəli mütəxəssis bu barədə "Report"a açıqlama verib.

O, I qrupunun VI turunda baş tutacaq "Neftçi" - "Abşeron Lions" oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Ağ-qaralar" bu oyunda favorit hesab edilir. Qrupda üç qələbə qazanıblar. Bundan əlavə, qrupun lideri olan Polşanın "Trefl" kollektivi Estoniyada "Kalev"lə üz-üzə gələcək. "Neftçi" və "Kalev" qalib gəlsə, birinci və ikinci pillədə qərarlaşan klubların xalları bərbərləşə bilər. Amma əlavə göstəriciyə görə üstünlük yenə "Trefl"də olacaq. Ancaq polşalıların uduzacağını düşünmürəm".

Ş.Əsgərov "Abşeron Lions"un daxili çempionatda uğurlu çıxış etdiyini söyləyib:

"Bu komanda həqiqətən tərifəlayiqdir. Avropa Kubokunda təcrübəsizlik sözünü deyir. Bir neçə oyunda qalib gələ bilərdilər. "Kalev"i məğlub edə biliblər. Bu da sevindirici haldır".

Mütəxəssis "Neftçi"nin bugünkü görüşdə üstün tərəf olduğunu vurğulayıb:

"Məncə, "Neftçi" qələbə qazanacaq və qrupda ikinci pillədəki mövqeyini möhkəmləndirəcək. Ümumiyyətlə, çox maraqlı qrupdur. Bütün komandaların məğlubiyyətləri və qalibiyyətləri var. Bəzi qruplarda üçüncü yerdə olanların qələbəsi yoxdur. Amma burada hər bir komandanın növbəti mərhələ şansı var. Müəyyən təcrübəsizlik sözünü deyir. "Kalev"in başlanğıcdakı performansı ilə sonrakı çıxışı məni bir az təəccübləndirdi. İlk oyunlarda güclü təsir bağışlayırdılar. Sonra zəiflədilər. "Neftçi" ilk matçlarda bir qədər sönük idi. Sonradan əla performans göstərməsi bizi sevindirməyə bilməz. Hər iki komandamıza uğurlar arzulayıram".

Qeyd edək ki, "Neftçi" - "Abşeron Lions" oyunu bu gün Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. "Trefl" 9 xalla I qrupunda liderdir. İkinci sıradakı "Neftçi"nin 8, üçüncü yerdəki "Kalev"in 7, dördüncü olan "Abşeron Lions"un isə 6 xalı var.

Son xəbərlər

Bütün Xəbər Lenti