Azərbaycan millisinin baş məşqçisi komandanın Bolqarıstandakı turnirdə çıxışına münasibət bildirib

Komanda
  • 17 mart, 2025
  • 16:50
Azərbaycan millisinin baş məşqçisi komandanın Bolqarıstandakı turnirdə çıxışına münasibət bildirib
Eldar Fərəcov

Azərbaycanın kişilərdən ibarət millisinin baş məşqçisi Eldar Fərəcov komandanın Bolqarıstanın Varna şəhərində keçirilən həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatındakı çıxışını dəyərləndirib.

Mütəxəssis "Report"a açıqlamasında yığmanın turnirdə sonuncu olmasının səbəblərindən danışıb:

"Təəssüf ki, keçirdiyimiz bütün oyunlarda məğlub olduq. Millimiz yeni-yeni formalaşmağa başlayır. Yarışa hazırlaşmaq üçün vaxtımız az idi. Qeyd etməliyəm ki, heyətdə əcnəbi yer almamışdı. Lakin qarşılaşdığımız komandalarda əcnəbi oyunçulara rast gəlmək olurdu. Məsələn, ABŞ yığmasında belə həndbolçular var idi. Həmin oyunçular millinin gücünə güc qatırdılar. Onlar bu il dünya çempionatında çıxış etmişdilər. Həmin heyətdə yer alan 3 oyunçu bizə qarşı mübarizə aparırdı. Bundan başqa, onların millilərində çıxış edən həndbolçular Avropanın aparıcı klublarında çıxış edirlər. Nigeriya yığması da uduzduğumuz komandalardan oldu. Bu yığma Afrika ölkələri arasında ilk "üçlük"də qərarlaşıb. Yalnız Moldovanı "dişimizə uyğun" rəqib saymaq olardı. Lakin həmin oyunda bizdə alınmadı".

O, yığmanın heyətinin əsasən gənclərdən təşkil olunduğunu, bununla belə, onların perspektivinə inandığını bildirib:

"Düşünürəm ki, bu yarış bizim üçün böyük təcrübə olacaq. Baxmayaraq ki, sonuncu yeri tutduq. Yarış ərəfəsində Avropadan olan millilərin məşqçi heyəti ilə görüşürdük, söhbətlər aparırdıq. Onlar bildirirdilər ki, Azərbaycan yığması bu cür turnirlərə qatılmalıdır. Çalışacağıq ki, iştirak etdiyimiz yarışların sayını artıraq, təcrübə toplayaq. Azərbaycan Həndbol Federasiyası bizə lazımi dəstəyi göstərir".

Baş məşqçi Azərbaycanda həndbolun təqdimata ehtiyacı olduğunu söyləyib:

"Bəzi valideyinlər həndbolla yaxından tanış olmadıqları üçün övladlarını başqa idman növlərinə yazdırırlar. Halbuki həndbol çox gözəl oyundur. Bu idman növü ilə məşğul olanlar həm fiziki, həm də zehni olaraq çox gözəl yetişirlər".

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət millisi həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında yer aldığı B qrupunu sonuncu sırada bitirib. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub. Milli 5-8-ci yerlər uğrunda görüşdə Paraqvaya 22:34, 7-8-ci yerlər uğrunda qarşılaşmada isə Moldovaya 28:29 hesabı ilə məğlub olub.

44 - Tezliklə