Azərbaycan voleybolçusu Marqarita Stepanenko: "Rumıniya üzərində qələbə çox vacib idi"
- 25 avqust, 2026
- 10:26
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda Rumıniya üzərində vacib qələbə qazanıb.
"Report" xəbər verir ki, bunu millinin hücumçusu Marqarita Stepanenko Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O, Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşmada qazanılan qələbənin vacibliyini vurğulayıb:
"Bu gün qələbə qazandığımız üçün şadıq. Hesabdan asılı olmayaraq, bu qələbə çox vacib idi. Bu voleyboldur, oyunda yüksəliş də olur, eniş də. Yorğunluğa baxmayaraq, bir komanda kimi oynadıq, xarakter nümayiş etdirdik. Çünki öz evimizdə oynayırıq, azarkeşlərimiz bizi dəstəkləyir. Bütün Azərbaycan bizə inanır. Ona görə də qalib gəlməli idik".
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Rumıniyanı 3:2 hesabı ilə məğlub edib. Ardıcıl üçüncü qələbəsini qazanan milli 8 xalla C qrupunda liderdir.