Azərbaycan millisinin yaxın gələcəkdə hədəfi qızıl medal qazanmaqdır
- 07 oktyabr, 2025
- 14:14

Qılıncoynatmanın şpaqa növü üzrə Azərbaycan millisinin yaxın gələcəkdə hədəfi qızıl medal qazanmaqdır.
Bunu "Report"un Qərb bürosuna açıqlamasında III MDB Oyunlarını gümüş medalla başa vuran yığmanın üzvləri deyiblər.
Emin Səfərbəyov yarışın onun üçün maraqlı olduğunu söyləyib:
"Final görüşü bir az çətin oldu. Əlimizdən gələni etsək də, qızıl medal qazana bilmədik. Bu yarış bizim üçün yaxşı təcrübə olub. Komanda yoldaşlarımla hədəfimiz növbəti yarışlarda böyük uğurlara imza atmaqdır".
Şpaqa millisinin digər üzvü Mirxətai Məmmədov da gələcəkdə yaxşı nəticəyə ümid etdiyini vurğulayıb:
"Finalda uduzduq, amma inanıram ki, yığmamız növbəti yarışlarda da iştirak edərək sözünü deyəcək. Texniki cəhətdən bir az zəif idik. Daha böyük uğurlar qazanmaq üçün əlimizdən gələni etməliyik".
Qeyd edək ki, Azərbaycanın oğlanlardan ibarət şpaqa millisi III MDB Oyunlarının finalında Rusiyaya 35:45 hesabı ilə uduzaraq gümüş medal qazanıb.
