Azərbaycan millisinin kapitanı: "Bakıda keçiriləcək Avropa çempionatında əlimizdən gələni edəcəyik"

Komanda
  • 06 oktyabr, 2025
  • 11:05
Azərbaycan millisinin kapitanı: Bakıda keçiriləcək Avropa çempionatında əlimizdən gələni edəcəyik
Ayşən Abduləzimova

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri 2026-cı ildə Bakıda keçiriləcək Avropa çempionatında uğurlu nəticə üçün əllərindən gələni edəcəklər.

Bu barədə "Report"a yığmanın kapitanı Ayşən Abduləzimova açıqlama verib.

Təcrübəli oyunçu turnirin İtaliyanın Bari şəhərində gerçəkləşən püşkatma mərasimi ilə bağlı danışıb:

"Bu tədbirdə ölkəmizi təmsil etmək mənim üçün qürurvericidir. Tədbir çox gözəl təşkil olunmuşdu. Belə bir mərasimə qatılmaq həyəcanlı idi".

O, Azərbaycan millisinin C qrupunda yer alacağını xatırladıb:

"Bu qrupdakı matçlar ölkəmizdə təşkil ediləcək. Rəqiblərimiz Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləridir. Hər zaman dediyim kimi, Avropa çempionatında zəif komanda yoxdur. Final mərhələsi olduğuna görə, komandalar əsas və güclü heyətləri ilə qatılırlar. Oyunlarla bağlı konkret fikir bildirmək hələ tezdir. Milli komanda mövsümü başlayanda və hazırlıq prosesinə start veriləndə, daha dəqiq cavab verə bilərəm. Yalnız onu qeyd edə bilərəm ki, biz voleybolçular əlimizdən gələni edəcəyik ki, ölkəmizi layiqincə təmsil edib uğurlu nəticə qazanaq".

Qeyd edək ki, Avropa çempionatının ev sahiblərindən biri olan ölkəmizdə C qrupunun oyunları keçiriləcək. Millimizin bu qrupdakı rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya olacaq. Komandamız 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.

Avropa çempionatı 2026-cı ildə Azərbaycan, Türkiyə, Çexiya və İsveçin ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti