Azərbaycan millisinin basketbolçusu: "Çempionluq titulunu qorumaq istəyirdik"
- 19 noyabr, 2025
- 22:16
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi İslam Həmrəyliyi Oyunlarındakı çempionluq titulunu qorumaq üçün əlindən gələni edib.
"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan millinin basketbolçusu Dina Ulyanova deyib.
O, qarşılaşmaların gərgin keçdiyini söyləyib:
"Titulu qorumaq istəyirdik. Bunu da bacardıq, baxmayaraq ki, həyəcan da oldu. Bəzi oyunlar çox gərgin keçdi. Nəticədə birinci olduq və bununla qürur duyuruq. Qalib gəlmək hər zaman xoşdur. Fildişi Sahili seçməsi ilə matçımız çox çətin keçmişdi. Uduzsaydıq, vəziyyət tam dəyişə bilərdi. Sadəcə, oyun alınmadı və buna görə əsəbi anlar yaşandı".
Qeyd edək ki, Azərbaycan yığması finalda Türkiyəyə 21:13 hesabı ilə qalib gəlib. Bu nəticə ilə millimiz çempionluq titulunu qoruyub. Komanda 2017 və 2022-ci illərdə də İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu və bu nəticə ilə üçüncü dəfə ardıcıl olaraq zirvəyə yüksəlib.