Azərbaycan millisinin baş məşqçisi: "Voleybolçular EEVZA çempionatında çox səhv etdilər"
- 24 noyabr, 2025
- 15:48
Azərbaycanın U-18 millisinin üzvləri Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatının oyunlarında çox səhvlər ediblər.
"Report" xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Cahangir Seyid Abbasi Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
O, Latviyanın Dauqavpils şəhərində baş tutan yarışla bağlı fikirlərini bölüşüb:
"Rəqiblərimiz Estoniya, Ukrayna və Gürcüstan yığmaları idi. Estoniya və Ukrayna komandalarının Avropanın ən güclüləri arasında yer aldığını hamı bilir. İlk görüşümüz Estoniya ilə oldu, məqsədimiz qələbə qazanaraq turnirə yaxşı başlamaq idi. Lakin oyunçularımız çox səhvlər etdilər və istədiyimiz oyunu göstərmək mümkün olmadı. Komandada 3-4 təcrübəli voleybolçu olsa da, heyətin böyük hissəsi ilk dəfə beynəlxalq yarışa çıxırdı və bu, nəticəyə təsir etdi".
Mütəxəssis digər rəqib Ukraynanın daha təcrübəli kollektiv olduğunu vurğulayıb:
"Buna baxmayaraq, ilk qarşılaşma ilə müqayisədə daha yaxşı oyun nümayiş etdirdik və daha prinsipial mübarizə apardıq. Turniri Gürcüstan millisinə qarşı qələbə ilə başa vurduq. Bu oyunda uşaqlar çox yaxşı oynadılar və 3:0 hesabı ilə inamlı qələbə qazandıq. Bu qələbə komandanın özünəinamını artırdı və növbəti yarışlar üçün motivasiya yaratdı".