Azərbaycan millisinin baş məşqçisi: "Uşaqlar Türkiyə toplanışında potensiallarını göstərdilər"
- 18 noyabr, 2025
- 16:34
Azərbaycanın 13 yaşadək basketbolçulardan ibarət yığması Türkiyənin paytaxtı Ankarada təşkil olunan təlim-məşq toplanışında potensiallarını göstəriblər.
Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi və federasiyada uşaq basketbolunun baş koordinatoru Milan Kotoraç deyib.
Mütəxəssis millinin Ankarada keçirilən toplanışını dəyərləndirib:
"Avqustun sonunda Zaqubada 10 günlük seçim düşərgəsi təşkil etdik. Məşqlərə 30 uşaq dəvət etdik və onlardan 18 nəfəri seçdik. Sonda 15 oyunçu ilə Ankaraya yollandıq. Bu həm oyunçular, həm də məşqçi heyətimiz üçün ilk beynəlxalq təcrübədir. Məqsədimiz həm uşaqların potensialını artırmaq, həm də hazırkı səviyyələrini qiymətləndirmək və eyni yaşda olan türkiyəli basketbolçularla müqayisə etmək idi. Ankarada yaxşı komandalara qarşı oynamaq imkanımız oldu. Əlbəttə, nəticələr bizim üçün prioritet deyildi. Əsasən oyunçuların səviyyələrini görmək və fərqli rəqiblərə qarşı matçlarda təcrübə qazanmaq istəyirdik. Düzdür, bu basketbolçular üçün asan deyildi, amma məşqçi heyəti əla iş gördü. Bu nəslin böyük potensialı var. Bunun üçün təcrübə qazanmağa davam etməlidirlər. Təlim-məşq toplanışında potensiallarını göstərdilər. Ümid edirəm ki, onlar üçün başqa beynəlxalq turnirlər və toplanışlar təşkil olunacaq. Çünki bu, inkişafın ən yaxşı yoludur".
O, hazırkı komandadan məmnun olduğunu söyləyib:
"Bu uşaqlar hazırda 12-13 yaşlarındadırlar. Bu, yekun seçim deyil. Əlbəttə, bəzi əlavələr, yeni oyunçular olacaq. Tezliklə çempionatları başlayacaq. Bütün oyunları və oyunçuları izləyəcəyəm. Əminəm ki, faydalı ola biləcək yeni istedadlar üzə çıxaracağıq. Bu, sadəcə, ilkin seçimdir və hazırkı uşaqlardan məmnunam. İndi onlarla çalışmalıyıq. Əlbəttə, yeni oyunçular olacaq, çünki çox gənc komandadır".
Baş məşqçi uşaqların bəzi bacarıqlarını inkişaf etdirməli olduqlarını söyləyib:
"Bu komanda 3-4 il sonra 16 yaşadək basketbolçuların Avropa çempionatında iştirak edəcək. Yaxşı komanda olmaları üçün hələ qarşılarında uzun bir dövr var. Uca boyları var, amma çox çalışmalıdırlar. Əsas bacarıqlar olan atış, ötürmə və aqressiv müdafiəyə qarşı oyunu təkmilləşdirməlidirlər. Onların bütün bacarıqlarını inkişaf etdirmək bizim işimizdir. 13 yaşadək basketbolçuların çempionatı başlayandan sonra da yığma ilə məşqləri davam etdirəcəyik. Komandanı beynəlxalq turnirlərə göndərməyə çalışacağıq. Bir neçə aydan sonra yenidən təlim-məşq toplanışı təşkil edəcəyik. Uşaqlara bərpa olunmaları üçün istirahət verəcəyik. Həftəsonu məşqlərə başlamağı və müntəzəm qrafikə qaytımağı planlaşdırırq".
Qeyd edək ki, hazırlıq prosesi noyabrın 9–15-i aralığında baş tutub. Toplanış zamanı "Türk Telekom", "Çaba Akademi", "Vamos", "Etimesqut", ODTÜ və "Çankaya Universiteti" komandaları ilə yoxlama oyunlarına çıxan milli bunların 5-dən qələbə ilə ayrılıb.