Azərbaycan millisinin baş məşqçisi: "Ukrayna ilə oyuna yaxşı başlamışdıq"
- 19 noyabr, 2025
- 13:17
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Ukraynaya uduzduğu Avropa çempionatının seçmə mərhələsinin oyununa yaxşı başlayıb.
Bu barədə "Report"a yığmanın baş məşqçisi Evren Alkaya açıqlama verib.
O, 34:98 hesabı ilə uduzduqları matçda beş əsas oyunçularının olmadığını bildirib:
"Heyətimiz gəncdir. Digər basketbolçularımız VI İslam Həmrəyliyi Oyunlarında 3x3 növündə iştirak edirlər. İlk hissəyə də çox yaxşı başlamışdıq. Amma Polina Şukinanın birinci yarıda 3 fol alması bu heyət üçün ola biləcək ən pis şey idi. Məqsədimiz bu görüşdə əz azı 50 xala çatmaq idi, çünki yaş ortalaması demək olar ki, 16,5-ə düşmüşdü. 16 yaşlılarla Avropa çempionatının seçmə mərhələsinin oyununda çıxış etmək məcburiyyətində qaldıq. Rəqib də təcrübəli və fiziki cəhətdən güclü kollektivdir".
E.Alkaya gənc basketbolçuların zamana ehtiyaclarının olduğunu vurğulayıb:
"Daha çox oyun keçirməliyik. İnanıram ki, gələcəkdə daha yaxşı oynayacaqlar. Məqsədimiz 1/4 final, yarımfinal və finala çıxmağı hədəfləyən güclü komanda qurmaqdır. Təəssüf ki, bütün bunlar qısa zamanda olmur. Bu uşaqlar 3 il əvvəl 14-15 yaşında idilər. Onların yaxşı səviyyəyə çatması üçün bir az da səbir etməliyik".
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bolqarıstana 48:141, Monteneqroya isə 62:104 hesabı ilə uduzub.