Azərbaycan millisinin baş məşqçisi: "Hədəfimiz III MDB Oyunlarının qalibi olmaqdır"
- 30 sentyabr, 2025
- 15:01

Azərbaycanın çövkən millisi III MDB Oyunlarının qalibi olmağı hədəfləyib.
"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, bunu yığmanın baş məşqçisi Namiq Orucov deyib.
O, bu gün qarşılaşdıqları Küveyt millisi ilə oyunu dəyərləndirib:
"İlk dəfə Azərbaycanın çövkən komandası MDB Oyunlarında təmsil olunur. Bu Avropada və dünyada çövkənin təbliğatı baxımından çox vacibdir. Bu oyun sübut edir ki, çövkən Azərbaycanda inkişafdadır. Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm ki, bizə sona qədər dəstək oldular. Hədəfimiz finala çıxmaq və qalib olmaqdır. Bunun üçün hazırlaşmışıq. Üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırmağa çalışacağıq".
Qeyd edək ki, yer aldığı A qrupunda bu gün Küveyti 5:0 hesabı ilə məğlub edən Azərbaycan millisi yarımfinala yüksəlib. Çövkən oyunlarına oktyabrın 7-də yekun vurulacaq.