Azərbaycan klubunun rəsmisi: "Çelenc Kubokunda 1/16 finala yüksəlmək böyük nəticədir"

Komanda
  • 21 noyabr, 2025
  • 10:57
Azərbaycan klubunun rəsmisi: Çelenc Kubokunda 1/16 finala yüksəlmək böyük nəticədir

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandasının Çelenc Kubokunda 1/16 finala yüksəlməsi böyük nəticədir.

Bu barədə "Report"a klubun meneceri Onat Kurt açıqlama verib.

O, komandanın bir il əvvəl yarandığını xatırladıb:

"İlk mövsümdə Azərbaycan Kubokunu qazandıq. Ötən gün əldə etdiyimiz qələbə isə çox böyük nəticədir. Rumıniyanın "Styaua" kollektivi Avropada tanınır. Onlar öz meydanlarında 3:0 hesablı qələbə əldə etmişdilər. Bunun əvəzini Bakıda çıxa bildik və yekunda "qızıl set"də də qalib gəldik. Bu, Azərbaycanda kişi voleybolu üçün tarixi nəticələrdən və ilklərdən biridir. Oyunçularımızı, məşqçilər heyətini təbrik edirəm. Çox çalışdılar və əziyyətin bəhrəsini gördülər".

Klub rəsmisi növbəti raundda Belçikanın "Lindemans" komandasını da məğlub etmək istədiklərini söyləyib:

"Hər iki görüşdə qalib gəlmək niyyətindəyik. Güclü və təcrübəli komandayıq. Az səhv etsək, yolumuza davam edəcəyik. Özümüzə inanırıq".

Qeyd edək ki, 1/16 final görüşləri 2026-cı ilin əvvəlində baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti