Rəşad Əzizov: "Azərbaycan iqtisadiyyatında kreativ sənayenin xüsusi çəkisi 1 %-ə çatıb"

İqtisadiyyat
  • 27 oktyabr, 2026
  • 13:01
Rəşad Əzizov: Azərbaycan iqtisadiyyatında kreativ sənayenin xüsusi çəkisi 1 %-ə çatıb

Azərbaycan iqtisadiyyatında mədəniyyət və kreativ sənayelərin xüsusi çəkisi 1 %-ə çatıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində biznes dialoquna həsr olunmuş panel müzakirəsinin açılışında deyib.

Onun sözlərinə görə, geosiyasi gərginlik, sosial-iqtisadi bərabərsizlik və mədəni fikir ayrılıqları ilə səciyyələnən müasir dünyada mədəniyyətlərarası dialoq xüsusi əhəmiyyət kəsb edir.

R.Əzizov, həmçinin 2022-ci ildə qəbul edilmiş Sosial-iqtisadi inkişaf Strategiyasının və Azərbaycanın 2040-cı ilədək mədəniyyət Konsepsiyasının əhəmiyyətini qeyd edib.

O əlavə edib ki, yaradıcı sənayelərin hüquqi bazasının gücləndirilməsi, milli təsnifat sisteminin və kino istehsalının stimullaşdırılması mexanizmlərinin tətbiq edilməsi üzrə tədbirlər görülür.

R.Əzizovun sözlərinə görə, insan kapitalının, yaradıcılıq infrastrukturunun, mədəniyyət texnologiyalarının və oyun sənayesinin inkişafına, eləcə də ölkə regionlarında yaradıcı peşə nümayəndələri üçün imkanların genişləndirilməsinə xüsusi diqqət yetirilir.

Azərbaycan Kino Agentliyinin baş direktoru vurğulayıb ki, bu cür beynəlxalq platformalar təkcə fikir mübadiləsi aparmağa deyil, həm də yeni tərəfdaşlıqlar formalaşdırmağa, birgə layihələr həyata keçirməyə imkan verir.