Hasil Abbasov: "İnsan kapitalının inkişafı Azərbaycanın əsas prioriteti olaraq qalır"
- 26 sentyabr, 2026
- 13:34
Yeniliklərdən dərhal xəbərdar olun!
İnsan kapitalının inkişafı və əmək resurslarının potensialına investisiyalar Azərbaycanın uzunmüddətli dayanıqlı iqtisadi artımının təmin edilməsi üçün əsas prioritet olaraq qalır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çıxışı zamanı bildirib.
"Təbii resurslar tükənəndir, texnologiyaları isə idxal etmək mümkündür. Yalnız əlavə dəyər yaratmaq qabiliyyətinə malik olan insan, inkişafına investisiya yatırılması şərtilə fasiləsiz artımı təmin edir. Məhz buna görə də ölkənin dövlət siyasəti təbii resurslardan əldə olunan gəlirlərin insan kapitalına transformasiyasına yönəlib", - o qeyd edib.
Onun sözlərinə görə, bu gün insan kapitalına qoyulan investisiyalar seçimə bağlı deyil və dörd əsas amillə şərtlənir - iqtisadi artımın stimullaşdırılması, potensialın itirilməsinin qarşısının alınması, texnoloji şoklara qarşı dayanıqlılığın artırılması, inklüzivliyin təmin edilməsi.
H.Abbasov həmçinin biznes və investorları personalın inkişafına çəkilən xərclərə xərc kimi deyil, yüksək gəlir gətirən investisiya kimi yanaşmağa çağırıb.