Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolu yaxın vaxtlarda istismara veriləcək - VİDEO

İnfrastruktur
  • 08 noyabr, 2016
  • 08:06
Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolu yaxın vaxtlarda istismara veriləcək - VİDEO

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonundakı Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsində tikinti işləri yekunlaşmaq üzrədir. Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən bildirilib. 

Məlumata görə, yolun hərəkət hissəsinin eni 9-10 metr arasında dəyişir.

Aparılan işlər zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 1-1,5 metr dərinlikdə qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılıb. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb.

Bundan başqa, köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, hərəkət hissəsi asfaltlanma üçün hazır vəziyyətə gətirilib. Hazırda yola yeni asfalt-beton örtüyünün son qatının, aşınma layının döşənməsi işləri aparılır. Yaxın günlər ərzində asfaltlanma işləri tam olaraq yekunlaşdırılacaq. Ümumilikdə yolun hərəkət hissəsi, giriş yollar və səkilər də daxil olmaqla 73 min kv.m sahənin asfaltlanması nəzərdə tutulub.

Asfalt-beton örtüyünün aşınma layının tikintisində istifadə olunan bituma xüsusi adgeziya qatqısı əlavə olunub. Bu maddə səth sularının asfalt-beton örtüyə daxil olmasının qarşısını almaqla asfalt örtüyünün keyfiyyətini yaxşılaşdırır və uzun ömürlülüyünü artırır.

Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılıb. Səkilərin kənarına 6 min paqon-metr yeni səki daşları düzülüb. Sərnişin avtobuslarının ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün 9 ədəd xüsusi “cib”li avtobus dayanacağı inşa olunub. “Cib”lərin uzunluğu 20 metr, eni isə 3 metrdir. Səth və qrunt sularının ötürülməsi üçün zəruri olan yerlərdə drenaj borular qoyulub.

Qeyd edək ki, Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq.

Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolu yaxın vaxtlarda istismara veriləcək - VİDEO

44 filmi