Zeynəb Bodur: Su problemini həll etmədən dayanıqlı şəhərlərdən danışa bilmərik
- 20 may, 2026
- 12:37
Su problemini həll etmədən dayanıqlı şəhərlərdən danışmaq mümkün deyil.
"Report" xəbər verir ki, bunu Türkiyənin "Kale Group" şirkətlər qrupunun prezidenti və baş icraçı direktoru Zeynəb Bodur Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Su ilə Ağıllı Şəhərlər: Potensialın İnkişafı vasitəsilə Şəhər Dayanıqlığının Qurulması" mövzusunda çıxışı zamanı deyib.
O bildirib ki, dayanıqlı şəhərlərin salınması üçün su resursu problemləri həll olunmalıdır:
"Dünyada çirkli sular təmizlənmir. Bu da gələcək illərdə insanların su mənbəyinin məhv olması deməkdir. Şəhərsalma ilə su məsələləri paralel inkişaf etməlidir. Sözsüz ki, sanitariya mövzusu da nəzərə alınmalıdır. Çirkli suların axıdılması nəzarətdə saxlanılmalıdır".
Z.Bodurun fikirlərinə görə, şəhərləri yaradanda elə formada etmək lazımdır ki, orada yaşayacaq insanlar sudan rahat istifadə edə bilsinlər:
"İcmalar və araşdırma mərkəzləri uyğunlaşdırılmış idarəçilik, düzgün investisiya ilə hərəkətə keçməlidir. Su vəsaitləri heç də dünyada eyni formada paylanılmır".
Direktor qeyd edib ki, WUF13-də bundan sonrakı məsələlərdə su problemini mərkəzə qoymaq lazımdır:
"Gələcəkdə şəhərlərin uzunluğu və genişliyi yox, orada yaşayan insanların həyat keyfiyyəti diqqətdə olmalıdır".