Zaur Qardaşov: "Su təchizatına yatırılan hər dollar dövlətə iki dollar olaraq geri qayıdır"

İnfrastruktur
  • 12 sentyabr, 2025
  • 11:34
Zaur Qardaşov: Su təchizatına yatırılan hər dollar dövlətə iki dollar olaraq geri qayıdır

Su təchizatına yatırılan hər bir dollar dövlətə iki dollar həcmində vergi formasında geri qayıdır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində təşkil olunan "Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq" panelində bildirib.

Onun sözlərinə görə, su insan həyatının bütün sahələri, o cümlədən biznes fəaliyyətləri üçün əsas resursdur:

"Sudan effektiv istifadə hər bir biznesin uzunmüddətli, dayanıqlı və uğurlu fəaliyyəti üçün vacibdir. Səmərəli su idarəçiliyi xərclərin azalmasına, əməliyyat səmərəliliyinin artmasına və ekoloji göstəricilərin yaxşılaşmasına imkan yaradır".

Z. Qardaşov əlavə edib ki, ölkədə fəaliyyət göstərən bizneslərin 99 %-ni KOB subyektləri təşkil edir, muzdlu işçilərin isə 44 %-i bu müəssisələrdə çalışır. Onun fikrincə, bu səbəbdən KOB sektoru geniş istehlakçı kütləsinin sudan səmərəli istifadə vərdişlərinin formalaşmasında mühüm rol oynaya bilər:

"KOBİA olaraq biz məsələyə həm sosial məsuliyyət, həm də bizneslərin inkişafının təşviqi prizmasından yanaşırıq. Effektiv su idarəetmə təcrübələrinin tətbiqi və genişləndirilməsi istiqamətində KOB-lara dəstək göstəririk".

O həmçinin bildirib ki, Azərbaycanda startup şəhadətnaməsi əldə edən sahibkarların sayı 220-ni ötüb. Onların arasında aqrar sahədə ekoloji həllər, atmosferdən suyun generasiyası, suyun daha qənaətli şirinləşdirilməsi texnologiyaları, dəniz suyunun birbaşa kənd təsərrüfatında istifadəsi və digər innovativ layihələr mövcuddur.