Yolanda Qomez: "WUF13 ölkələrin şəhər problemlərinin həllinə kömək edəcək"

İnfrastruktur
  • 17 may, 2026
  • 14:16
Yolanda Qomez: WUF13 ölkələrin şəhər problemlərinin həllinə kömək edəcək

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ölkələrin təcrübə paylaşmasına və şəhər problemlərinin həllinə kömək edəcək.

Bunu "Report"a açıqlamasında Asiya üzrə su və tullantı suları xidməti təminatçılarının tərəfdaşlıq koordinatoru Yolanda Qomez deyib.

Y. Qomez Azərbaycandakı qonaqpərvərlikdən məmnunluğunu ifadə edərək, forumun əhəmiyyətini vurğulayıb: "Düşünürəm ki, ümumilikdə Bakıda insanlar çox mehribandırlar, bizə kömək etmək üçün əllərindən gələni edirlər və ehtiyac duyduğumuz köməkliyi göstərirlər. WUF13 bir çox təcrübələrin mübadilə edilə biləcəyi, insanların başqalarından həqiqətən nümunə götürə biləcəyi çox yaxşı bir platformadır".

O bildirib ki, bu platformada qazanılan təcrübələr gələcəkdə uğurla tətbiq olunacaq: "Bu forum ölkələrin təcrübə paylaşmasına və şəhər problemlərinin həllinə həqiqətən kömək edəcək. Ümid edirəm ki, burada təqdim olunan bütün öyrənilənlər, bütün təcrübələr dinləniləcək və başqaları tərəfindən tətbiq olunacaq. Qlobal Su Operatorları Tərəfdaşlığı Alyansının (GWOPA) Assambleyası çox vacibdir. Çünki müxtəlif maraqlı tərəflərin, müxtəlif xidmət təminatçılarının mühüm rolu ilk dəfədir ki, bütövün ayrılmaz hissəsi kimi tanınır. Söhbət "Dünyanı evlə təmin etmək: təhlükəsiz və dözümlü şəhərlər və icmalar" mövzusundan gedir. Onlar uzun müddətdir ki, oradadırlar, lakin ilk dəfədir bu məsələdə həqiqətən mühüm oyunçu kimi qəbul edilirlər".