Yaponiya şəhərlərdəki yaşıllıq ərazilərinin əhatə dairəsini artırır
- 20 may, 2026
- 12:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiyada tikinti-inkişaf işləri aparıldıqca şəhərlərdəki yaşıllıq ərazilərin əhatə dairəsi də artır.
"Report" xəbər verir ki, bunu Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin Şəhər, Mənzil Baş İdarəsinin Baş Direktorun müavini Miura İtsuhiro Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər inkişafı üçün tranzityönlü inkişaf" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, şəhərin yaşıllaşdırılması rahatlığı təmin etmək, eləcə də iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, biomüxtəlifliyin qorunmasına və şəhərlərin cəlbediciliyinin artırılmasına töhfə vermək baxımından mühümdür: "Yaponiyada şəhərlərin yaşıllaşdırılmasının fərqləndirici xüsusiyyəti özəl sektorun həyata keçirdiyi yenidənqurma layihələri vasitəsilə yaşıllıq sahələrinin artırılması cəhdləridir. Məsələn, "Otemaçi" adlanan ərazi Tokionun mərkəzi biznes rayonudur və burda vaxtilə çoxlu sayda binalar var idi. Lakin burada həyata keçirilən yenidənqurma layihəsi təkcə biznes funksiyasını təkmilləşdirməyib, həm də ofis mənzərəsi daxilində müxtəlif formalı təbii mühit yaradıb".
Qonaq xatırladıb ki, Yaponiyada 2024-cü ildə "Şəhərlərin Yaşıllaşdırılması haqqında" qanuna dəyişikliklə özəl sektorun yaşıl sahələri qoruması üçün sistem qurulub: "Bu layihələr iqlim dəyişikliyinin təsirlərinin azaldılması, biomüxtəliflik və insanların rifahının yaxşılaşdırılması nöqteyi-nəzərindən qiymətləndirilir. Bənzər sistem digər ölkələrdə də mövcuddur, lakin biz yaşıllığın dəyərini qiymətləndirməyə yönəlmiş bu proaktiv yanaşmamızı innovativ bir təşəbbüs hesab edirik. Beləliklə, Yaponiyada hər dəfə tikinti-inkişaf işləri aparıldıqca şəhərdəki yaşıllıq miqdarı da artır. Yaponiya tikinti-inkişaf yanaşması ilə ətraf mühit arasında belə bir müsbət dövriyyə yaratmaq üçün çalışır".