Yaponiya rəsmisi: "Şəhərin inkişafı üçün dəmir yolunu genişləndirmək kifayət deyil"
- 20 may, 2026
- 12:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhər ərazilərini inkişaf etdirmək üçün təkcə dəmir yolu şəbəkələrini genişləndirmək kifayət deyil.
"Report" xəbər verir ki, bunu Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin Şəhər, Mənzil Baş İdarəsinin Baş Direktorun müavini Miura İtsuhiro Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər inkişafı üçün tranzityönlü inkişaf" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Tokio ən çox tıxacın olduğu şəhərlərdən biridir: "Lakin yüksək dərəcədə inkişaf etmiş dəmir yolu şəbəkələri tıxacın olduğu vaxtlarda gediş-gəlişi effektiv şəkildə idarə edə bilir. Bununla belə, dayanıqlı şəhər böyüməsini təmin etmək üçün TOD-un (Transit-Oriented Development - İctimai Nəqliyyata Yönələn İnkişaf) tətbiqi mütləqdir".
Qonaq əlavə edib ki, bu layihə ilə nümunələrdən biri Tokio mərkəzindən təxminən 30 kilometr məsafədə yerləşən Naqayama şəhərinin inkişafıdır: "Təxminən 20 il əvvəl bu ərazi tamamilə kənd təsərrüfatı zonası idi, lakin yeni dəmir yolu xəttinin açılması ilə paralel olaraq, bu ərazi zəngin təbiətlə harmoniya təşkil edən bir şəhər icmasına çevrilib. Yerli idarəetmə orqanları və müvafiq özəl sektor tərəfdaşları arasındakı sıx əməkdaşlıq sayəsində şəhər xüsusilə uşaq baxımını dəstəkləyən, ailələr üçün ən yaxşı icmalardan biri kimi inkişaf etdirilib və bu da bir çox gənc ailənin bura köçməsinə səbəb olub. Növbəti nümunə Qərbi Yaponiyanın mərkəzi qovşağı olan Osaka Stansiyasının yanındakı irimiqyaslı tikinti layihəsidir. Bu ərazi vaxtilə 24 hektarlıq, istifadə edilməyən dəmir yolu yük stansiyası idi və bura artıq dövlət-özəl tərəfdaşlığı sayəsində şəhərin mərkəzində geniş yaşıl sahəyə malik bir iqtisadi mərkəzə çevrilib".