Xəyyam Məmmədov: "İqlim dəyişiklikləri və su qıtlığı qlobal əməkdaşlıq tələb edir"

İnfrastruktur
  • 11 sentyabr, 2025
  • 10:58
Xəyyam Məmmədov: İqlim dəyişiklikləri və su qıtlığı qlobal əməkdaşlıq tələb edir
Xəyyam Məmmədov

İqlim dəyişiklikləri və su qıtlığı kimi qlobal çağırışlar yalnız bir ölkənin daxili imkanları ilə həll oluna biləcək məsələlər deyil.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week"in (Bakı Su Həftəsi) ikinci günündə deyib.

X. Məmmədovun sözlərinə görə, beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və bunun əsasında yeni təşəbbüslərin irəli sürülməsi böyük önəm daşıyır: "Bu gün bu konfrans məhz belə bir platformadır. Müzakirə ediləcək yeni ideyalar, burada irəli sürüləcək təkliflər bizim gələcək addımlarımıza istiqamət verəcəkdir və mən əminəm ki, məhz bu konfrans çərçivəsində aparılacaq müzakirələr nəticəsində biz yeni tərəfdaşlıqların formalaşmasına nail olacağıq. Eyni zamanda hesab edirəm ki, su idarəçiliyi sahəsində də həm yerli, həm qlobal səviyyədə yeni həll yolları tapılacaq".

O bildirib ki, Agentlik olaraq bu təşəbbüslərin həyata keçirilməsinə hər zaman açıqdırlar və hazırdılar: "Qarşıdakı sessiyalarda təqdim olunacaq müzakirələrin hər bir ölkə üçün faydalı nəticələr doğuracağına biz əminik".