Xəyyam Məmmədov: "Azad edilmiş ərazilərdəki su anbarları daşqınlarla mübarizəyə töhfə verəcək"
- 08 sentyabr, 2026
- 11:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının tikintisi daşqınlarla mübarizəyə töhfə verəcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Xəyyam Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın (BCAW 2026) ikincü günüdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən Suqovuşan, Həkəriçay, Zabuxçay və Köndələnçay su anbarları komplekslərində aparılan tikinti və yenidənqurma işləri, Qəbələ rayonunda Yengicə su anbarının, Oğuz və Şəki rayonlarının ərazisində isə Əlicançay su anbarının tikintisi sözügedən ərazilərdə su təchizatının yaxşılaşdırılması ilə yanaşı, daşqınlarla mübarizədə də mühüm əhəmiyyət kəsb edəcək: "Eyni zamanda, dağ çaylarının sularının səmərəli şəkildə yığılması məqsədilə Ağsuçay, Zəyəmçay, o cümlədən Təkəliçay və Bənövşəçay su anbarlarının tikintisi işləri də davam etdirilir".
X.Məmmədov əlavə edib ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının çaylarının 2 350 milyon kubmetr həcmində olan su ehtiyatları ölkənin daxili su ehtiyatlarının 24 %-ni təşkil edir: "Bu ehtiyatlardan istifadə ölkədə yaranan su qıtlığı probleminin həllində və daşqınlarla mübarizədə mühüm əhəmiyyətə malikdir".