VINEN prezidenti: "Bakı və Hanoy 2026-cı ildə birbaşa aviareysi işə sala və viza rejimini ləğv edə bilər"

İnfrastruktur
  • 13 may, 2025
  • 16:00
VINEN prezidenti: Bakı və Hanoy 2026-cı ildə birbaşa aviareysi işə sala və viza rejimini ləğv edə bilər

Azərbaycan və Vyetnam arasında ticari-iqtisadi potensialın tam reallaşdırılması üçün bir neçə addım atmaq lazımdır. Buraya Bakı və Hanoy arasında birbaşa hava əlaqəsini qurmaq, Azərbaycanda Vyetnam səfirliyini açmaq və ölkələr arasında viza rejimini ləğv etmək daxildir.

Bu barədə “Report”a müsahibəsində Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyasının (VINEN) prezidenti Din Viet Hoa bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında bir problem qalır - bu, logistikadır: "Coğrafi baxımdan uzaqlıq və birbaşa marşrutların olmaması malların çatdırılmasını və iqtisadi qarşılıqlı əlaqəni çətinləşdirir. Bundan əlavə, qlobal geosiyasi münaqişələr fonunda dəniz yolu ilə malların çatdırılması daha da çətin və bahalı olur.

Ölkələrimiz arasında hələ ki, birbaşa hava əlaqəsi yoxdur - mənim Hanoydan Bakıya səfərim təxminən 16 saat çəkdi. Birbaşa reyslə mən buraya cəmi 7 saata çata bilərdim. Lakin yaxşı xəbərlər də var: birbaşa aviareyslərin işə salınması ilə bağlı danışıqlar aparılır. Eşitdiyimə görə, bu, yaxın zamanda, bəlkə də 2026-cı ildən gec olmayaraq işə düşə bilər.

O qeyd edib ki, iki ölkə arasında hələ də viza rejimi qalmaqdadır: “Lakin viza tez əldə edilə bilər. Bundan əlavə, məndə olan məlumata görə, 2026-cı ildə ölkələrimiz arasında viza rejiminin ləğv edilməsi planlaşdırılır. Bu, iki dost dövlətin yaxınlaşması yolunda mühüm addım olacaq. Əminəm ki, yaxın zamanda ölkələrimiz arasında heç bir maneə qalmayacaq - nə viza, nə də logistika”.

Din Viet Hoa vurğulayıb ki, Azərbaycan və Vyetnam arasında birbaşa reysin olmaması şəraitində logistika probleminin həlli üçün digər variantlar mövcuddur.

"Məncə, ən optimal və nisbətən sürətli variantlardan biri Qazaxıstan üzərindən tranzitdən istifadə etməkdir. Qazaxıstandan artıq Vyetnama birbaşa reyslər var, oradan isə Azərbaycanadək heç də uzaq deyil. Beləliklə, ölkələrimiz arasında birbaşa əlaqə olmasa belə, qarşılıqlı fəaliyyət üçün bir çox imkanlarımız var. Bu, biznes əlaqələrinin inkişafı üçün yaxşı alternativ ola bilər. Bu, əlavə logistika marşrutları açır. Vyetnamlı və azərbaycanlı sahibkarlar isə artıq indi - növbəti ili gözləmədən onlardan istifadə etməyə başlaya biləcəklər”.

O qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin səviyyəsi birbaşa siyasi iradə və ali səviyyədə dialoqdan asılıdır: “Ümid edirəm ki, Vyetnam hökuməti tezliklə Bakıda öz səfirliyini açacaq”. 

Vyetnam Milli Sahibkarlıq Assosiasiyasının prezidenti, həmçinin əməkdaşlığı gücləndirmək və Azərbaycanda rəsmi şəkildə təmsil olunmaq çağırışı ilə hökumətlərinə müraciət edib: "Diplomatik missiya sadəcə işgüzar tədbirlərinin təşkilini asanlaşdıracaq".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.