"Uyğun qiymətə mənzil bazarında əməkdaşlıq" mövzusunda tədbir keçirilib
- 26 noyabr, 2018
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkilatçılığı ilə “Uyğun qiymətə mənzil bazarında əməkdaşlıq imkanları” mövzusunda tədbir keçirilib.
Bu barədə “Report”a MİDA-nın Mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə 40-dan çox yerli və xarici şirkətin nümayəndəsi iştirak edib.
Tədbirdə çıxış edən “Azərbaycan İnvestisiya Şirkəti”nin icraçı direktoru Allahverdi Paşayev ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı üzrə nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində AİŞ və MİDA-nın gördüyü işlər barədə ümumi məlumat verib.
MİDA-nın aparat rəhbəri Çingiz Qədimov Agentliyin fəaliyyəti, reallaşdırılan layihələr və Agentliyin fəaliyyət istiqamətlərindən danışıb, bu gün keçirilən tədbirin investorların dövlət-özəl sektor əməkdaşlığına cəlb edilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) departament direktoru Mahmud Əliyevin Azərbaycanda biznes mühiti və investisiya imkanlarına, AİŞ-in icraçı direktorunun müavini Fuad Məhərrəmovun şirkətin payçı qismində iştirak etdiyi layihələrə, Mənzil İnşaatı Dövlət Agentliyinin şöbə müdiri Fərman Qurbanlının MİDA ilə özəl sektor arasında əməkdaşlığa dair təqdimatları dinlənilib.
Tədbir çərçivəsində MİDA-nın ilk layihəsi Yasamal Yaşayış Kompleksi və növbəti layihəsi Hövsan Yaşayış Kompleksi barədə video-çarx nümayiş olunub. Bundan başqa, Yasamal Yaşayış Kompleksinin ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üçün Bakı Nəqliyyat Agentliyi ilə reallaşdırılan layihənin təqdimatı keçirilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.