Universitet müəllimi: "Şəhər mühiti insanlara koqnitiv və psixi sağlamlıq baxımından təsir edir"
- 21 may, 2026
- 14:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhər mühiti bəzən insanlara koqnitiv və psixi sağlamlıq baxımından təsir edir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Universitetinin neyrobiologiya üzrə müəllimi, klinik psixoloq, psixoterapevt Fidan Seyidbəyli-Əmrahlı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Neyro-urbanizm: Şəhərlər beyni, davranışı və psixi rifahı necə formalaşdırır?" adlı tədbirdə bildirib.
"Biz şəhər həyatından imtina edə bilmirik, çünki onun bir çox üstünlükləri var. Təəssüf ki, şəhər mühiti bəzən insanlara koqnitiv və psixi sağlamlıq baxımından təsir edir. Onun rifahımıza təsir göstərdiyini sübut edən çoxlu sayda tədqiqatlar var. Bu tədqiqatlardan biri Miçiqan Universitetinə məxsusdur. Onlar öz təcrübələrində iştirakçıları iki qrupa bölüblər. Birinci qrup vaxtlarını şəhərlərin izdihamlı küçələrində, ikinci qrup isə vaxtlarını parklar və s. kimi yaşıllıq ərazilərdə keçirib. Sonda onların koqnitiv göstəriciləri qiymətləndirilib, belə bir nəticəyə gəlinib ki, birinci qrupun koqnitiv göstəriciləri ikinci qrupla müqayisədə daha aşağı olub. Düşünürəm ki, bu, şəhər həyatının - hətta şəhər mühitində qısa müddət qalsaq belə - idrak proseslərimizə və koqnitiv performansımıza necə təsir edə biləcəyini aydın şəkildə nümayiş etdirir", - o vurğulayıb.
Ekspertin sözlərinə görə, alimlər bunu koqnitiv və sensor yüklənmə ilə izah edirlər: "Şəhərdə, yaşayış məntəqələrində olduğumuz üçün biz daim özümüzü çoxlu stimullarla yükləyirik. Məsələn, neon işıqlar, tıxaclar, reklam lövhələri və vizual səs-küylə. Bunların hər biri bizə təsir edir və sadə dillə desək, beynimizdən qısa müddətdə çoxlu məlumatı saxlamaq və emal etmək tələb olunur. Bütün bunlar bizi məyusluq vəziyyətinə gətirib çıxara, motivasiyamızı azalda bilər".