UNECE: Tikinti sektorunun transformasiyası bütün dəyər zəncirini əhatə etməlidir

İnfrastruktur
  • 10 sentyabr, 2026
  • 09:59
UNECE: Tikinti sektorunun transformasiyası bütün dəyər zəncirini əhatə etməlidir

Tikinti sektorunun transformasiyası bütün dəyər zəncirini əhatə etməlidir.

"Report" xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İcraçı katibinin müavini Dmitri Mariyasin "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nını 4-cü günündə bildirib.

Onun sözlərinə görə, icra prosesi bizdən fərdi binalardan kənara baxmağı, bütün dəyər zəncirini, eləcə də tikilmiş mühitin həyat dövrünü nəzərə almağı tələb edəcək: "Tikinti sektorunun təchizat zəncirinin transformasiyası qalıcı töhfə verə bilər. Lakin dəyər zəncirinə baxmaq bir binaya baxmaqdan daha çətindir. Biz eyni vaxtda enerji səmərəliliyini sürətləndirməli, ətraf mühitə təsirləri azaltmalı və dəyər zəncirini maliyyə və iqtisadi baxımdan əlverişli saxlamalıyıq. Əks halda, işlər getmir. Bu, tikinti sektoru, sənaye, enerji sistemləri və çox vacib olan dövlət siyasəti, eləcə də ümumilikdə şəhərsalma arasında daha güclü koordinasiya tələb edəcək".

D. Mariyasin bildirib ki, hələ də qarşılaşan ən vacib boşluqlardan biri tikinti materiallarındakı təcəssüm olunmuş karbonla bağlı məlumatlardır: "Bu gün siyasətçilər, investorlar və bina sahibləri əməliyyat enerjisinin səmərəliliyi və göstəriciləri haqqında daha çox məlumata çıxış əldə edirlər. Baxmayaraq ki, inkişaf etməkdə olan ölkələr üçün enerji səmərəliliyi auditlərini praktikada həyata keçirmək çətindir. Bu, həmişə maraq və ya motivasiya çatışmazlığından deyil, səmimi desək, aşağı gəlirli ölkələrin çoxunda müvafiq enerji səmərəliliyi auditini apara biləcək kifayət qədər mütəxəssisin olmamasından qaynaqlanır. Sadəcə olaraq, kadr və potensial boşluğu var".

O qeyd edib ki, lakin materialların özündə təcəssüm olunmuş emissiyaları nəzərə alsaq, məsələ daha da mürəkkəbləşir: "Bu, hələ də əksər ölkələr, o cümlədən ən inkişaf etmiş iqtisadiyyatlar üçün ən son texnoloji mərhələdir. Xammalın çıxarılması, istehsal, tikinti, yenidənqurma və çox vacib olan binaların istismar müddətinin sonunun idarə olunması mərhələlərinə baxsaq, təcəssüm olunmuş karbonun qeydiyyata alınması problemi daha mürəkkəb hal alır".

44 - Tezliklə