UNECE binaların dekarbonizasiyası üçün yeni çərçivə təlimatları hazırlayıb
- 10 sentyabr, 2026
- 10:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İqtisadi Komissiyası (UNECE) binaların dekarbonizasiyası üçün yeni çərçivə təlimatları hazırlayıb.
"Report" xəbər verir ki, bunu UNECE-nin İcraçı katibinin müavini Dmitri Mariyasin "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) 4-cü günündə deyib.
Onun sözlərinə görə, komissiya bütün həyat dövrünü əhatə edən karbon yanaşmasını müdafiə edir və qəbul edir ki, mənalı dekarbonizasiya həm əməliyyat, həm də hopdurulmuş emissiyaların həllini, eyni zamanda onlara fərqli yanaşmağı və hər biri üçün düzgün alətlərdən istifadə etməyi tələb edir: "Əməliyyat emissiyaları, yəni binanın istismarı ilə bağlı emissiyalar, kritik dərəcədə vacib olaraq qalır. Binalar qlobal enerji istehlakının və emissiyaların təxminən üçdə birini, hətta 40 %-ə yaxınını təşkil edir. UNECE illərdir bu mövzu üzərində, həmçinin BMT-in Ətraf Mühit Proqramı (UNEP) və QlobalABC ilə birgə çalışır".
O qeyd edib ki, bu il Binalarda Enerji Effektivliyi Standartları üzrə birgə işçi qrupu "Binalarda Enerji Effektivliyi Standartları üçün Çərçivə Təlimatları"nın yeni nəşrini təqdim edəcək: "Bu, tamamilə yeni sənəddir, mövcud çərçivənin əhəmiyyətli dərəcədə yenilənmiş formasıdır. Həmin çərçivə illərdir hökumətlər tərəfindən, ən azı 56 ölkədə istifadə olunur və binalarda enerji effektivliyi üzrə bir çox milli standartların əsasını təşkil edib. İndi isə COP31 ərəfəsində yeni nəşrimizi tam vaxtında təqdim edirik".
D. Mariyasin qeyd edib ki, təlimatlar ölkələrə yalnız enerji effektivliyi yüksək olan deyil, həm də az karbonlu, dözümlü və sərfəli binalara keçidi sürətləndirməyə kömək etmək üçün hərtərəfli, nəticələrə əsaslanan çərçivə təqdim edir: "Əsas diqqət "əvvəlcə effektivlik" adlanan yanaşmaya yönəlib. Burada mövcud bina fondunun dərin yenidənqurulması, eləcə də yüksək göstəricilərə malik yeni binalar, bərpa olunan enerjinin inteqrasiyası və enerji effektivliyi üzrə ölçüləbilən hədəflər vurğulanır. Bu, nazirlərin kürsüdən oxuduğu adi siyasət sənədi deyil, sənaye mütəxəssislərinin praktiki olaraq istifadə edəcəyi çox texniki təlimatlar toplusudur. Təlimatlarda çox vacib bir məqam qeyd olunur və bu, yeni elementlərdən biridir: binaların gələcəyi getdikcə daha çox rəqəmsallaşır. Xüsusilə bina məlumatlarının modelləşdirilməsinin (BIM), rəqəmsal bina pasportlarının, süni intellekt (AI) alətləri ilə dəstəklənən həyat dövrü karbon qiymətləndirilməsinin, ağıllı sayğacların və inteqrasiya oluna bilən məlumat platformalarının istifadəsinin inkişaf etdirilməsindən danışırıq".