UN-Habitat: Şəhərlər sürətlə genişlənir, lakin bu böyümənin faydaları aztəminatlı ailələrə çatmır
- 19 may, 2026
- 12:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhərlər sürətlə genişlənir, lakin bu böyümənin faydaları aztəminatlı ailələrə çatmır, onları sosial-iqtisadi inkişafdan kənarda qoyur.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında: Şəhərlərin səsləri" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu, müxtəlif problemlərdən qaynaqlanır: "İlk növbədə, mənzil sistemləri əsasən bazar yönümlü və qısamüddətli gəlirlərə yönəlmiş olaraq qalır ki, bu da iqtisadi göstəricilər ilə sosial nəticələr arasında gərginlik yaradır. Həmçinin müxtəliflik və çeviklik çatışmır; aztəminatlı ailələrin reallıqlarını əks etdirən kirayə, mərhələli və icma tərəfindən idarə olunan həllərə yetərincə dəstək verilmir. Digər tərəfdən, mənzilə hələ də çox vaxt torpaq, infrastruktur, maliyyə, xidmətlər və şəhər formasını birləşdirən bir sistem kimi deyil, müstəqil bir sektor kimi baxılır. Bu isə pərakəndəliyə səbəb olur ki, bu da həm icranı, həm də nəticələri zəiflədir. Nəhayət, planlaşdırma ilə icra arasında hələ də davamlı bir boşluq var. Şəhərlərin mükəmməl planları var, lakin bu planları gəlirli və səmərəli investisiyalara çevirmək üçün çox vaxt maliyyə imkanları, tənzimləyici çərçivələr, institusional potensial və layihə hazırlığı mexanizmləri çatışmır".
UN-Habitat rəsmisi vurğulayıb ki, inklüziv mənzil həllərinə keçid üçün sırf bazar yönümlü yanaşmalardan daha müxtəlif və inklüziv həllərə doğru hərəkət edərək mənzil sistemlərini yenidən tarazlaşdırmaq lazımdır: "Bu, kirayə mənzil bazarının genişləndirilməsi, icma tərəfindən idarə olunan və kooperativ modellərin dəstəklənməsi, habelə az və orta gəlirli ailələrin reallıqlarını əks etdirən mərhələli mənzil təminatı və innovativ maliyyələşdirmə yanaşmalarının tətbiqi deməkdir. İkincisi, pərakəndə müdaxilələrdən inteqrasiya olunmuş mənzil sistemlərinə keçməliyik. Mənzil təminatına ayrılıqda baxıla bilməz. Daha səmərəli və ədalətli nəticələr təmin etmək üçün o, torpaq, infrastruktur, xidmətlər və şəhərsalma ilə əlaqəli şəkildə planlaşdırılmalı və həyata keçirilməlidir. Nəhayət, geniş miqyasda rəhbərlik etmək və icra etmək üçün dövlət sektorunun potensialını gücləndirməliyik. Bu isə daha güclü institutlar, daha yaxşı tənzimləyici çərçivələr və layihə hazırlığına investisiya tələb edir ki, şəhərlər planları bu investisiyalara çevirə bilsinlər. Bu kontekstdə, dövlət maliyyəsi də təkcə birbaşa təminatda deyil, həm də investisiya risklərinin azaldılmasında və özəl kapitalın sərfəli və inklüziv mənzil təminatına cəlb edilməsində stimullaşdırıcı rol oynayır".