UN-Habitat nümayəndəsi: "DİM-lərə nail olunması istiqamətində irəliləyişlər kifayət etmir"

İnfrastruktur
  • 22 may, 2026
  • 11:18
UN-Habitat nümayəndəsi: DİM-lərə nail olunması istiqamətində irəliləyişlər kifayət etmir

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində irəliləyişlər hələ də kifayət etmir.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndəsi Jose Çonq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərindən Mənzillərə" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, təşkilat Yeni Şəhər Gündəliyi və DİM-lərin təşviqi istiqamətində fəaliyyət göstərir: "Dayanıqlı İnkişaf Məqsədləri BMT-nin əsas çərçivəsidir və onların icrasının monitorinqi olduqca vacibdir. Ölçülə bilən göstəricilər olmadan irəliləyişə nail olmaq mümkün deyil".

UN-Habitat nümayəndəsi vurğulayıb ki, 2030 gündəliyinə cəmi dörd il qaldığı halda, dünya DİM-lərə çatmaqdan hələ uzaqdır: "Bu səbəbdən dəqiq indikator bazasının formalaşdırılması və davamlı monitorinq fundamental əhəmiyyət daşıyır. Hazırda şəhərlərdə yaşayan əhalinin orta hesabla yalnız 40 %-nin açıq və yaşıl ictimai məkanlara rahat çıxışı var. Bu göstərici yaşayış yerindən maksimum 400 metr və ya beş dəqiqəlik piyada məsafə əsasında hesablanır. Bəzi regionlarda bu göstərici 80 %-ə çatsa da, Afrika ölkələrində ictimai məkanlara çıxış səviyyəsi olduqca aşağıdır. Keyfiyyətli ictimai məkanlara çıxış həm əlçatanlıq, həm də şəhər həyatının keyfiyyəti baxımından əsas prioritetlərdən biridir".