UN-Habitat: Müharibə nəticəsində Ukraynanın mənzil fondunun 14 %-i zədələnib
- 22 may, 2026
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna yaşayış sektorunda mənzil fondunun köhnəlməsi, sosial və əlçatan mənzil çatışmazlığı, icarə bazarının tənzimlənməməsi kimi bir sıra sistemli problemlərlə üzləşir.
"Report"un məlumatına görə, bunu UN-Habitat-ın Ukrayna üzrə ölkə proqramı rəhbərinin müavini Mariana Lesser-Voyata (Mariana Lesser-Voyata) Bakıda keçirilən WUF13 çərçivəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi kütləvi daxili köçkünlüyə səbəb olub və ölkənin mənzil sektorunda ciddi böhran yaradıb.
Son bir il yarım ərzində insanların bir hissəsi geri qayıtsa da, Ukraynada hələ də təxminən 4,7 milyon daxili köçkün və xaricdə qaçqın kimi qeydiyyatdan keçmiş təxminən 6 milyon ukraynalı var", - UN-Habitat nümayəndəsi qeyd edib.
O vurğulayıb ki, ən ciddi dağıntılar Ukraynanın şərq bölgələrində, eləcə də Kiyev ətrafındakı rayonlarda qeydə alınıb.
Lesser-Voyatanın sözlərinə görə, ölkənin bir çox sakini bu gün davam edən atəşlərə baxmayaraq, evlərinə mümkün qədər yaxın qalmağa çalışır.
O, nümunə olaraq Ukraynanın ikinci böyük şəhəri olan Xarkovu göstərib, burada mənzil fondunun təxminən 50%-i zədələnib və ya dağıdılıb.
"Genişmiqyaslı müharibə başlayandan sonra Xarkovun əhalisi kəskin şəkildə azaldı, lakin bu gün şəhər yenidən çoxlu sayda daxili köçkünü qəbul edir", - o deyib.
UN-Habitat nümayəndəsi həmçinin bildrib ki, Ukraynanın mənzil fondunun təxminən 14%-i müharibə nəticəsində zədələnib.
Onun sözlərinə görə, mənzil hüququ yalnız evin olmasını deyil, həm də xidmətlərə, infrastruktura və təhlükəsiz şəhər mühitinə çıxışı əhatə edir.
"Biz bələdiyyələrlə əməkdaşlıq edirik, bərpanı planlaşdırmağa və yenidənqurma üçün prioritet rayonları müəyyən etməyə kömək edirik", - Lesser-Voyata əlavə edib.