UN-Habitat: Ölkələrin mənzil siyasətinin mərkəzində insan haqları dayanmalıdır
- 21 may, 2026
- 13:19
Yeniliklərdən dərhal xəbərdar olun!
İnsan haqları mənzil sahəsində bütün fəaliyyətin – həm BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) fəaliyyətinin, həm də təşkilatın üzv dövlətlərinin siyasətinin mərkəzində qalmalıdır.
"Report"un məlumatına görə, bunu UN-Habitat-ın nümayəndəsi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bəyan edib.
Onun sözlərinə görə, çox vaxt mənzil siyasəti yalnız tikinti, istehsal və ya iqtisadi proses kimi qəbul edilir, mənzil məsələsi isə yalnız tikilən obyektlərin sayı və maddi aspektlərlə məhdudlaşır.
"Lakin insan hüquqlarına güclü vurğu olmadan insanların mənzilə olan real və fundamental ehtiyaclarını təmin etmək mümkün deyil", - spiker vurğulayıb.
Təşkilat nümayəndəsi məcburi köçürülmə probleminə ayrıca diqqət yetirib - bu məsələ artıq uzun illərdir UN-Habitat-ın ölkə səviyyəsindəki işinin əsas istiqamətlərindən biri olaraq qalır. Onun sözlərinə görə, təşkilat bu sahədə koordinasiyanın gücləndirilməsi mexanizmlərini müzakirə edir.
Spiker həmçinin iştirakçıların diqqətini torpaq resurslarının və mənzil təminatının sosial və ekoloji funksiyasına yönəldib, bu istiqamətin beynəlxalq gündəm üçün əhəmiyyətini vurğulayıb.
Qurum nümayəndəsi xatırladıb ki, UN-Habitat hamı üçün əlçatan mənzil təminatı məsələsi üzrə açıq tərkibli Hökumətlərarası İşçi Qrupunun katibliyi funksiyalarını yerinə yetirir. Onun sözlərinə görə, bu mexanizm texniki və siyasi müzakirələri birləşdirməyə, həmçinin üzv dövlətlərlə mənzil siyasətinin formalaşdırılması və mənzil sahəsindəki proqramlar üzrə əməkdaşlıq etməyə imkan verir.