Üç müntəzəm avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib
- 13 yanvar, 2025
- 14:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Mingəçevir-Qazax, Gəncə-Xankəndi-Şuşa, Mingəçevir-Xankəndi-Laçın şəhərlərarası avtobus marşrutları üzrə müsabinin qalibləri müəyyən edilib.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, "Mingəçevir-Qazax" marşrutu üzrə fiziki şəxs Rəsulov Şərif Kamal oğlu, "Gəncə-Xankəndi-Şuşa" marşrutu üzrə hüquqi şəxs "Fazil-20" MMC, "Mingəçevir-Xankəndi-Laçın" marşrutu üzrə fiziki şəxs Mustafayev Rafiq Şahid oğlu komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.