Türkiyə rəsmisi: "İqlimə dözümlü şəhər inkişafı üçün yeni yanaşma üzərində işləyirik"
- 10 sentyabr, 2026
- 09:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə iqlimə dözümlü şəhər inkişafı üçün yeni yanaşmalar üzərində işləyir.
"Report" xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin İqlim Dəyişikliyi Direktorluğunun direktor müavini Tuğba Dinçbaş "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 4-cü günündə bildirib.
"Dayanıqlı və iqlimə dözümlü şəhərlər salınması bizim əsas diqqət mərkəzində olan sahələrdən biridir. Şəhərlər əslində iqlim dəyişikliyinin bir çox problemlərinin bir araya gəldiyi məkanlardır. Sürətli urbanizasiya, artan enerji tələbatı, ekstremal istilər və daşqınlar, eləcə də digər iqlim təsirləri şəhər infrastrukturuna və icmalara artan təzyiq göstərir. Lakin şəhərlər həm də bir çox həll yollarının bir araya gələ biləcəyi məkanlardır. Əsas məqam da budur. Məhz buna görə də yanaşmamız şəhərlərə inteqrasiya olunmuş sistemlər kimi baxmaqdan ibarətdir. Buraya dözümlü şəhər inkişafı, enerji cəhətdən səmərəli və getdikcə daha çox elektrik enerjisinə keçən binalar daxildir. Bu, həm də fəaliyyət gündəliyi çərçivəsində üzərində işlədiyimiz elektrik enerjisinə keçid təşəbbüsünün bir hissəsidir. Bura, həmçinin maliyyəyə çıxış daxildir. Bu istiqamət gələn həftə Bakıda təqdim olunacaq SURF təşəbbüsümüzün bir hissəsidir. Eyni zamanda, milli iqlim ambisiyaları ilə yerli icra arasında daha güclü əlaqələrin yaradılması da yanaşmamızın mühüm istiqamətlərindəndir", - deyə o qeyd edib.