Turhan Dilmaç: "Orta Dəhliz Avropa–Çin ticarətində 700 milyard dollarlıq imkanlar aça bilər"
- 09 sentyabr, 2025
- 16:46
Orta Dəhlizdən səmərəli istifadə Avropa ilə Çin arasındakı 700 milyard ABŞ dollarlıq illik ticarətdən böyük imkanlar yarada bilər.
"Report" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısının "Avrasiyada bağlantının gücləndirilməsi" sessiyasında deyib.
Onun sözlərinə görə, son 15 ildə Türkiyə beynəlxalq əlaqəliliyi gücləndirmək məqsədilə 100-dən çox infrastruktur layihəsinə 100 milyard ABŞ dollardan artıq sərmayə yatırıb: "Hazırda isə İraqla birgə həyata keçirilən İnkişaf Yolu layihəsi üzərində işlər davam etdirilir. Bu layihə Bəsrə körfəzini Türkiyə vasitəsilə Avropa ilə birləşdirəcək və həmin dəhlizi Orta Dəhliz üzərindən Mərkəzi Asiyaya qədər uzadacaq".
T. Dilmaç əlavə edib ki, bu il Vaşinqtonda atılan tarixi addımlar - Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar - siyasi barışıqla yanaşı, nəqliyyat və kommunikasiya əlaqələrini də gücləndirib. Onun fikrincə, bu proses bölgəni qalıcı sülh, sabitlik və ortaq rifah məkanına çevirmək üçün yeni imkanlar açır.
Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə vasitəsilə Avropaya uzanan beynəlxalq nəqliyyat marşrutudur.
Rəsmi məlumatlara əsasən, 2024-cü ildə Orta Dəhlizlə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin 5,2 milyon tona yüksələcəyi proqnozlaşdırılır. Bunun 4,2 milyon tonu marşrut iştirakçısı ölkələrin ərazisindən keçəcək, 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək.
Proqnozlara görə, 2027-ci ilə qədər Orta Dəhlizin illik buraxılış qabiliyyəti 10 milyon tona çata bilər.