TRIPP layihəsi Süveyş kanalı kimi beynəlxalq ticarətdə mühüm rol oynaya bilər - RƏY

İnfrastruktur
  • 11 noyabr, 2025
  • 15:29
TRIPP layihəsi Süveyş kanalı kimi beynəlxalq ticarətdə mühüm rol oynaya bilər - RƏY

Gələcəkdə TRIPP layihəsi ("Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" təşəbbüsü) Süveyş kanalı kimi beynəlxalq ticarətdə mühüm rol oynaya bilər.

Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, ABŞ-nin əvvəlki administrasiyası Avrasiya regionunda həyata keçirilən layihələrlə bağlı bir qədər fərqli siyasət yürüdürdü: "Hazırda Donald Tramp administrasiyası Avrasiya regionu üzrə daha aktiv siyasət həyata keçirməyə başlayıb. Bu, özünü Mərkəzi Asiya daxil olmaqla Çinin təsir dairəsi olan regionlarda göstərir. Bu məqamda qeyd etmək istərdim ki, 1980-ci illərdə ABŞ və keçmiş Sovet İttifaqı mübarizə aparır, bu qarşıdurmada SSRİ daha sərt mövqe göstərir, Vaşinqton isə "yumşaq güc"dən istifadə edirdi. Müasir dövrdə bu mübarizə Çin və ABŞ arasında gedir. Təkcə bu ilin avqustunda 4 200-dən çox Çin şirkəti Özbəkistanda fəaliyyətə başlayıb. Özbəkistanda milyardlarla ABŞ dolları dəyərində Çin kapitalı mövcuddur və bu göstərici daha da artır. Buraya Mərkəzi Asiyanın digər ölkələri də daxildir. Bunun əvəzində ABŞ Özbəkistandan 3 ildə 35 milyard ABŞ dolları, qarşıdakı 10 ildə isə 100 milyard ABŞ dolları investisiya cəlb etməyi planlaşdırır. Çin ümumi geosiyasi balans nöqteyi-nəzərdən Mərkəzi Asiya ölkələrinə daxil olur, ABŞ isə bu regionun dövlətlərini özünə cəlb etməyə çalışır".

E.Əmirov qeyd edib ki, neft-qaz daxil olmaqla, resurslar gələcək qlobal iqtisadiyyat üçün çox önəmlidir: "Mərkəzi Asiya ölkələrinin bu resurslarla zəngin olması bütün gücləri bu regiona cəlb edir. Fransa Prezidenti Emmanuel Makron bir müddət əvvəl Qazaxıstana səfər etmişdi. 2024-cü ildə Qazaxıstan uran ixracına görə birinci yeri tuturdu. Bu gün həmin resurslar uğrunda mübarizə gedir. Bu mübarizədə ABŞ həm kənarda qalmır, həm də Çini qabaqlamaq istəyir. Fikrimcə, bu istiqamətdə Çinin "yumşaq güc" siyasəti daha effektiv ola bilər".

Onun sözlərinə görə, Cənubi Qafqazda vəziyyət bir qədər fərqlidir: "Bu regiona həm Vaşinqton, həm də Pekin birbaşa müdaxilə edə bilmir. Çünki burada Ankara böyük nüfuza malikdir. Moskva isə regiondan tədricən çıxarılır. Bu gün ABŞ Ermənistanda mövcudluğunu gücləndirməyə çalışır. Rusiya amilinin Gürcüstanda hansı səviyyədə olduğu hər kəsə məlumdur. Bu respublikalar arasında məhz Azərbaycan müstəqil siyasət yürüdən ölkədir".

Regionda həyata keçirilən layihələrdən danışan ekspert deyib ki, TRIPP layihəsi həm Cənubi Qafqaz, həm Mərkəzi Asiya ölkələri, həm də Qərb və ABŞ üçün faydalı olacaq: "Bu layihə Türkiyə, Rusiya və İran üçün iqtisadi dividentlər gətirəcək. Gələcəkdə TRIPP layihəsi Süveyş kanalı kimi beynəlxalq ticarətdə mühüm rol oynaya bilər. Çünki Türkiyə məhsulları bu dəhlizlə Mərkəzi Asiya ölkələrinə, Mərkəzi Asiyanın regionun resursları isə Türkiyəyə və Avropanın digər ölkələrinə çatdırılacaq. Avrasiyanın demək olar ki, bütün ölkələri TRIPP layihəsindən faydalanacaq".

E.Əmirov sonda vurğulayıb ki, Azərbaycanın davamlı olaraq siyasi gücünün, tərəfdaş kimi nüfuzunun artması ölkəni qlobal mənada strateji tərəfdaşa çevirib: "Məhz Azərbaycan Atlantik okeanından Hind okeanına qədər olan ölkələr arasında ən etibarlı tərəfdaşdır. Azərbaycan ilə tərəfdaşlıq həm Asiya regionunun, həm də Qərbin böyük ölkələri üçün daha ciddi üstünlüklər verəcək. Belə bir dövrdə Azərbaycanın yaxın perspektivdə gözləntiləri özünü doğruldacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti