TRACECA-nın Baş katibi: "Mərkəzi Asiyanın xarici bazarlara çıxış üçün yeni nəqliyyat dəhlizlərinə ehtiyacı var"
- 25 iyun, 2026
- 15:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Mərkəzi Asiya regionu dövlətləri xarici bazarlara çıxışı təmin etmək üçün yeni nəqliyyat dəhlizlərinin formalaşdırılmasına ehtiyac duyurlar.
"Report"un Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyev Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes-forumunda "Sərhədsiz Avrasiya: qitələrin kəsişməsində logistika habı" sessiyası zamanı bildirib.
O qeyd edib ki, TRACECA-nın izlədiyi və inkişaf perspektivlərini müzakirə etdiyi Mərkəzi Asiya ölkələrinin hər birində həm ÜDM-in artımı və əhalinin çoxalması, həm də regiona yönəldilən investisiyaların həcmi baxımından əhəmiyyətli göstəricilər müşahidə olunur: "Bu, əlbəttə ki, əlavə dəyər yaradır, yeni məhsulların istehsalını təmin edir və obyektiv olaraq bizdən yeni bazarların axtarılmasını tələb edir. Bizim üçün bu bazarlar bütün istiqamətlərdə açıqdır: şimala, cənuba və qərbə doğru irəliləyirik və həmin bazarlara asanlıqla, minimum xərclərlə çıxış əldə etmək istəyirik. Bu məqsədlə hökumətlər, regional birliklər və ən əsası inkişaf bankları və beynəlxalq maliyyə institutları yeni dəhlizlər və imkanlar yaratmalıdır. Hökumətlərin vəziyyətə təkcə öz prizmalarından baxmaması, eyni zamanda ilk növbədə nəqliyyat sahəsində fəaliyyət göstərən kiçik və orta bizneslərə kömək etməsi, daha sonra isə iri korporasiyaları da müzakirələrə cəlb etməsi üçün onlar həqiqətən də bu istəkləri birləşdirməkdə bizə kömək edə bilərlər".