TRACECA-nın baş katibi: “Avropaya Azərbaycanla daşınan yüklərin həcmi regionun imkanlarını artırır”
- 14 iyun, 2022
- 03:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Mərkəzi Asiyadan Avropaya Xəzər dənizi və Azərbaycan Respublikası vasitəsilə daşınan yüklərin həcmi həmin regionların imkanlarını artırır.
“Report” İran mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinin (TRACECA) baş katibi Aset Asavbayev Tehranda İranın xarici işlər nazirinin iqtisadi siyasət üzrə müavini Mehdi Səfəri ilə görüşündə deyib.
O, qeyd edib ki, Xəzər dənizi və Azərbaycan vasitəsilə Mərkəzi Asiyadan Avropaya daşınan yüklərin həcminin regionların imkanlarını artırması son nəticədə indi İrandan keçən marşrutların da böyük əhəmiyyət kəsb etməsinə səbəb olub.
A.Asavbayevin sözlərinə görə, səfərin məqsədi Mərkəzi Asiya ölkələrindən Avropaya malların daşınması üçün İranın tranzit marşrutlarından maksimum istifadə edilməsinin zəruriliyini vurğulamaqdır.
Mehdi Səfəri TRACECA-ya üzv ölkələrin sürücülərinə İranın tranzit marşrutlarını keçmək üçün viza verilməsinin asanlaşdırılmasından da danışıb. Səfəri İran Xarici İşlər Nazirliyinin bu məqsədlə istənilən əməkdaşlığa hazır olduğunu və bununla bağlı heç bir məhdudiyyətin olmadığını vurğulayıb.