Tatyana Naumova: "2050-ci ilə qədər dünya əhalisinin 70 %-i şəhərlərdə yaşayacaq"
- 19 may, 2026
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Qlobal urbanizasiya beynəlxalq münasibətlərin strukturunu əsaslı şəkildə dəyişdirir və şəhərlərin rolunu artırır.
"Report" xəbər verir ki, bunu Moskvanın Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin rəhbər müavini Tatyana Naumova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Körpülər əməkdaşlıq üçün: Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında - Şəhərlərin səsləri"adlı tədbirdə deyib.
Onun sözlərinə görə, təxminən XXI əsrin ortalarına qədər dünya əhalisinin 70 %-ə yaxını şəhərlərdə yaşayacaq: "Hazırda bu göstərici 55 % təşkil edir. Şəhərlər artıq yalnız inzibati vahid deyil, həm də iqtisadi artım, texnoloji innovasiya və humanitar əməkdaşlığın qlobal mərkəzlərinə çevrilir".
O vurğulayıb ki, Moskva digər şəhərlərlə konkret və praktik həllər əsasında əməkdaşlıq edir: "Hazırda Moskva 150-yə yaxın xarici ölkə və regionla fəal əməkdaşlıq edir, 200-dən çox ikitərəfli saziş və proqram həyata keçirilir. Bu proqramlar sənaye, investisiya, nəqliyyat, şəhərsalma, elm, informasiya texnologiyaları, mədəniyyət və təhsil sahələrini əhatə edir".
O əlavə edib ki, Moskva UN-Habitat ilə əməkdaşlığa xüsusi önəm verir və şəhər davamlılığı üzrə layihələrini beynəlxalq platformalarda təqdim edir: "Moskva davamlı şəhərsalma üzrə əsas layihələrini – mənzil renovasiya proqramını, nəqliyyat sisteminin genişləndirilməsini və ağıllı texnologiyaların tətbiqini beynəlxalq səviyyədə təqdim edir. Davamlı inkişaf Moskva şəhər idarəçiliyinin əsas prinsiplərindən biridir. 2023-cü ildə Moskvanın proqram büdcəsi xərclərinin 97 %-i birbaşa şəhərin dayanıqlı inkişafı ilə bağlı olub. Son beş ildə bu göstərici orta hesabla 90 %-dən çox təşkil edib. Davamlı mənzil siyasəti həm UN-Habitat, həm də Moskva üçün əsas prioritetlərdən biridir".