Sədr müavini: "Şirvan-Salyan iqtisadi rayonunda suvarma infrastrukturu yenilənib"

İnfrastruktur
  • 22 iyun, 2026
  • 12:38
Sədr müavini: Şirvan-Salyan iqtisadi rayonunda suvarma infrastrukturu yenilənib

Şirvan-Salyan iqtisadi rayonununda suvarma infrastrukturunda genişmiqyaslı yenidənqurma işləri aparılıb.

"Report"un Biləsuvara ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Xəyyam Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Onun sözlərinə görə, sözügedən ərazilərdə fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu ümumilikdə 4 700 kilometrə yaxın suvarma şəbəkəsini, 4 892 hidrotexniki qurğunu, 5 subartezian quyusunu və 202 nasos stansiyasını əhatə edir: "Cari ildə bu rayonlar üzrə təxminən 46 min kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunmuş, hazırda da bu proses davam etdirilir."

O qeyd edib ki, 2025-ci il ərzində həyata keçirilmiş əsaslı təmir işləri çərçivəsində 55 kilometrdən artıq suvarma kanalı beton üzlüyə alınıb, 10,4 kilometrdən çox boru kəməri yenilənib, 2 813 metr daş-beton bənd əsaslı təmir edilib, 204 subartezian quyusu əsaslı bərpa olunub: "Regionda 6 378 subartezian quyu təmir olunub, suvarma infrastrukturunda yenilənmə genişlənib. Cari təmir planı çərçivəsində 6 378 subartezian quyusu, 842 nasos stansiyası və 2779 hidrotexniki qurğuda təmir işləri aparılıb, 31 milyon kubmetr həcmində suvarma kanalı və təxminən 10 milyon kubmetr kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Bundan əlavə, çay məcralarında 10 milyon kubmetr həcmində tənzimləmə işləri yerinə yetirilib. Bu tədbirlər nəticəsində suvarma sistemlərinin etibarlılığı artırılıb, su itkiləri azaldılıb və fermerlərin su təminatı daha dayanıqlı şəkildə həyata keçirilib".