Şavkat Mirziyoyev: "Özbəkistan Orta Dəhlizin inkişafını dəstəkləyir"
- 07 oktyabr, 2025
- 16:38

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Orta Dəhlizin inkişafını və onun Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və Trans-Əfqan dəhlizi layihələri ilə əlaqələndirilməsini dəstəklədiyini bəyan edib.
"Report"un Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadova istinadən verdiyi məlumata görə, Ş.Mirziyoyev bunu Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci sammitində bildirib.
Dövlət başçısı regional logistikanın effektivliyini artırmaq üçün gömrük prosedurlarının rəqəmsallaşdırılmasının və tariflərin optimallaşdırılmasının vacibliyini vurğulayıb.
Bundan əlavə, Özbəkistan Prezidenti Türk İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsini, beynəlxalq və milli maliyyə institutları ilə əməkdaşlıq proqramının qəbul edilməsini təklif edib.
Ş.Mirziyoyev, həmçinin "süni intellekt və kreativ iqtisadiyyat üzrə yol xəritəsi"nin qəbul edilməsi və Özbəkistanda Türk Dünyası Beynəlxalq Sərgisinin keçirilməsi ideyasını irəli sürüb.