Santoş Kumar Runqta: "Gözdən əlillər üçün mənzil əlçatan, inklüziv yaşayış mühitidir"

İnfrastruktur
  • 19 may, 2026
  • 10:47
Santoş Kumar Runqta: Gözdən əlillər üçün mənzil əlçatan, inklüziv yaşayış mühitidir

Əlilliyi olan şəxslər üçün mənzil sadəcə bina deyil, əlçatan və inklüziv yaşayış mühitidir.

"Report" xəbər verir ki bunu Dünya Gözdən Əlillər İttifaqının prezidenti Santoş Kumar Runqta Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında: Şəhərlərin səsləri" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, yaşayış binalarında pandusların, taktil yolların, əlçatan nəqliyyat əlaqələrinin və uyğun rəqəmsal xidmətlərin olmaması həmin məkanları əlilliyi olan şəxslər üçün yararsız edir.

"Əgər bina əlçatan deyilsə, bu, bizim üçün mənzil hesab oluna bilməz. Dünyada mənzil siyasəti əsasən iqtisadi artım vasitəsi kimi qiymətləndirilib, sosial funksiyası isə ikinci planda qalıb. Mənzil bazar məhsulu, daşınmaz əmlak investisiyası və infrastruktur layihəsi kimi qəbul olunur. Halbuki bu, insan ləyaqəti, müstəqillik və cəmiyyətə inteqrasiya ilə bağlı fundamental hüquqdur", – deyə o bildirib.

S.K.Rungta qeyd edib ki, bu yanaşma nəticəsində milyonlarla əlilliyi olan şəxs əlçatanlıq problemləri, evsizlik və sosial təcrid ilə üzləşir.

"Bəzi ölkələrdə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının təsiri ilə müsbət dəyişikliklər baş verir. Bir sıra ölkələr tikinti qaydalarına universal dizayn prinsiplərini daxil edib. Hindistanda əlilliyi olan şəxslərin hüquqları haqqında qanun çərçivəsində əlçatanlıqla bağlı məcburi tələblər tətbiq olunub", – deyə o vurğulayıb.

Dünya Gözdən Əlillər İttifaqının prezidenti bildirib ki, bəzi Avropa ölkələrində sosial mənzil layihələrində pilləsiz girişlər, taktil elementlər, əlçatan nəqliyyat və icma əsaslı dəstək sistemləri tətbiq edilir: "Əlçatanlıq sonradan əlavə edilən element deyil, layihələndirmənin başlanğıc mərhələsində nəzərə alınmalıdır. İnklüziv şəkildə layihələndirilən mənzillər yalnız əlilliyi olan şəxslərə deyil, yaşlılara, qadınlara, uşaqlara və digər həssas qruplara da fayda verir".