Sabirabadın 2 kəndinin sakinləri illərdir yolsuzluqdan əziyyət çəkirlər
- 02 iyun, 2022
- 12:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Sabirabad rayonunun Qaraqaşlı və Quruzma kəndlərində uzun illərdir ki, yolsuzluq problemi yaşanır.
Bu barədə "Report"un Muğan bürosuna kənd sakinləri məlumat verib.
Onların sözlərinə görə, yolların bərbad olması səbəbindən kəndə nə gələn var, nə gedən:
"4500 nəfərdən çox əhali yaşayır Qaraqaşlı və Quruzma kəndlərində. 15 km-lik əsas yolun bərbad vəziyyətdə olması bizi bütün sahələrdə geri qoyur. Əkib becərdiyimiz məhsulu nə vaxtında bazara çıxara bilirik, nə də ki, məhsul almaq üçün kəndə gələnlər olmur. Bunun da nəticəsində məhsul ya tələf olur, ya da məcbur olub ucuz qiymətə satırıq".
Həmçinin sakinlər qeyd edirlər ki, yollarının bərbad olması səbəbindən kənddə xəstə olduğu zaman təcili yardım və həkimlər vaxtında gəlib çıxa bilmir:
"Bizdən rayona 28 km-dir. Biz çox əziyyət çəkirik. Həkim gəlmir, təcili yardım gəlmir bizim kəndə. Yollarımız pis gündədir, avtomobillərimizin dağılmağına səbəb olur. Bizim bu yolumuz 3 ildən çoxdur ki, bu vəziyyətdədir, maşınlarımız dağılır".
Məsələ ilə bağlı AAYDA-dan bildirildi ki, həmin yolların dövlət proqramına salınaraq, təmiri olunması nəzərdə tutulub.