"S&P": TRIPP regionda əlaqələri gücləndirəcək, ticarət və investisiyaları dəstəkləyəcək
- 24 avqust, 2026
- 10:44
Yeniliklərdən dərhal xəbərdar olun!
TRIPP (Trump Route for International Peace and Prosperity) təşəbbüsü ortamüddətli perspektivdə regional əlaqələri gücləndirə, ticarət və investisiyaları dəstəkləyə bilər.
Bu barədə "Report" "S&P Global Ratings"in Ermənistanla bağlı qiymətləndirməsinə istinadən xəbər verir.
"Çərçivə sazişi (TRIPP üzrə - red.) layihə çərçivəsində idarəetmə və suverenliyin əsas prinsiplərini müəyyən etsə də, onun icrası ilkin mərhələdədir: layihə sahəsi, maliyyələşdirmə məsələləri və konsessiyaların dəqiq şərtləri hələ razılaşdırılmalıdır", - agentliyin analitikləri qeyd edirlər.
"S&P"də həmçinin hesab edirlər ki, Ermənistanda parlament seçkilərinin nəticələri Azərbaycanla münasibətlərin normallaşmasına yeni təkan verə, sülh sazişinin imzalanmasını və reallaşdırılmasını yaxınlaşdıra bilər.
"2025-ci ildə Ermənistan və Azərbaycan sülh sazişinin mətnini paraflayıblar, lakin onun imzalanması və icrası hələ də bir sıra şərtlərin yerinə yetirilməsindən asılıdır. Ekspertlərin qiymətləndirmələrinə görə, seçki dövrü başa çatdıqdan sonra sazişin rəsmiləşdirilməsi məsələsində irəliləyiş perspektivləri yaxşılaşa bilər", - "S&P Global Ratings" qeyd edir.
Agentlikdə hesab edirlər ki, Bakı və İrəvan arasında münasibətlərin daha da normallaşması regionda tranzit və ticarəti stimullaşdıra bilər.