Rusiya şirkəti Bakı metrosuna innovativ qatarlar təklif edir

İnfrastruktur
  • 03 iyun, 2025
  • 11:07
Rusiya şirkəti Bakı metrosuna innovativ qatarlar təklif edir
Oleq Lısyak

Rusiyanın "Transmaşholding" ASC Bakı metrosuna innovativ qatarlar təklif edir.

Bu barədə "Report"a səhmdar cəmiyyətin xarici əlaqələr üzrə direktoru Oleq Lısyak deyib.

Onun sözlərinə görə, şirkət bu günədək 30-dan artıq ölkəyə məhsul ixrac edib və prioritet istiqamətlərdən biri də Azərbaycan bazarıdır: “Biz “Bakı Metropoliteni” QSC yarandığı gündən bu günə kimi onun üçün vaqonlar istehsal etmişik. İllər ərzində artıq 450-dən çox metro vaqonu çatdırılıb. Hazırda yeni tədarük planlaşdırılmır, lakin gələcəkdə keçiriləcək tenderlərdə iştirak etməyə hazırıq. Ümid edirik ki, Azərbaycan yenə də bizi seçəcək".

O bildirib ki, şirkət Bakı metrosu üçün müxtəlif şərtlərlə müasir və innovativ vaqonlar təklif etməyə hazırdır: "Bizim məhsullar bəzi parametrlərə görə dünya analoqlarından daha üstündür. Qatarlarımızda sərnişinlər üçün rəqəmsal yeniliklər, metro sxemli monitorlar, kondisioner sistemi və qatarın əvvəlindən sonuna qədər keçid imkanı mövcuddur. Maşinistlər üçün də xüsusi texniki imkanlar var".

Onun sözlərinə görə, "Transmaşholding"in hazırda əsas modeli "Moskva-2024" adlanan metro qatarıdır: "Bu model dünyada ən geniş arakəsmə keçidinə və ən enli qapılara – 1600 mm-ə malikdir. Bu göstəriciyə nail olmaq çox çətindir və biz bu texniki nailiyyətlə fəxr edirik".

O. Lıyak əlavə edib ki, modeldə sərnişin rahatlığı üçün unikal texnologiyalar tətbiq edilib: "Ağıllı ətir sistemləri, görmə problemi olan sərnişinlər istiqaməti qoxu ilə müəyyən edə bilir. Yüksək keyfiyyətli, böyük ölçülü media və reklam ekranları, avtomatik yanğınsöndürmə sistemi – vaqon daxilində baş verə biləcək istənilən yanğını operativ söndürür, qəza vəziyyətlərində sərnişinlərin çıxışını asanlaşdıran xüsusi təcili çıxış qapısı təmin və.s unikal yeniliklər tətbiq olunub".

O. Lıyak bildirib ki, bu texnologiyalar sərnişin təhlükəsizliyini və rahatlığını maksimum dərəcədə təmin etməyə yönəlib: "Biz dünya miqyasında ən qabaqcıl hərəkət heyəti istehsalçılarından biriyik və bu üstünlükləri Bakı metropoliteninə də təqdim etməyə hazırıq".

44 - Tezliklə