Rüfət Mahmud: "Muzey texnologiyaları üzrə ixtisaslaşmış komanda formalaşmayıb"
- 22 may, 2026
- 13:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda muzey texnologiyaları üzrə ixtisaslaşmış komanda formalaşmayıb.
"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, rəqəmsal texnologiyalar daim yeniləndiyi üçün onların düzgün istismarı xüsusi peşəkarlıq tələb edir: "Bu sahədə çox ixtisaslı bilik lazımdır və təəssüf ki, Azərbaycanda, ən azından Bakıda belə bir qrup hələ formalaşmayıb. Gələcəkdə texnologiyaların effektiv idarə olunması üçün ayrıca peşəkar komandanın yaradılması məsələsi nəzərdən keçirilə bilər".
O əlavə edib ki, muzeylərdə rəqəmsal texnologiyaların işləməməsi idarəetmə problemidir: "Bir çox hallarda muzeylərdə ekranlar və interaktiv sistemlər işlək vəziyyətdə olmur. Gəlirik görürük ki, ekranlar işləmir, düymələr köhnəlib. Bu artıq idarəetmə məsələsidir və ciddi düşünülməlidir. Rəqəmsal texnologiyaların idarə olunması üçün xüsusi bilik və peşəkar komanda tələb olunur".