Robinson: Əmlak hüquqları nəzərə alınmadan mənzillə təminatı sürətləndirmək münaqişələrə gətirib çıxara bilər

İnfrastruktur
  • 22 may, 2026
  • 11:41
Robinson: Əmlak hüquqları nəzərə alınmadan mənzillə təminatı sürətləndirmək münaqişələrə gətirib çıxara bilər

Humanitar böhranlarda əmlak hüquqlarını nəzərə almadan mənzillə təminatı sürətləndirmək cəhdləri yeni münaqişələrə və əhalinin təkrar yerdəyişməsinə səbəb ola bilər.

"Report" xəbər verir ki, bu barədə "Global Protection Cluster" nəzdindəki mənzil, torpaq və əmlak hüquqları üzrə qlobal məsuliyyət zonasının (Global HLP AoR) həmkoordinatoru Cim Robinson Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, humanitar təşkilatlar zərərçəkmişlərə təcili yardım ilə mövcud mənzil və torpaq hüquqlarının yoxlanılması arasında daim balans yaratmaq zərurəti ilə üzləşirlər.

O vurğulayıb ki, əmlak və torpaq məsələlərinə məhəl qoyulmaması ev sahibləri, qəbul edən icmalar və köçkünlər arasında münaqişələrə, habelə evdən çıxarılma təhlükəsinə və əhalinin həssas qruplarının istismarına gətirib çıxara bilər.

Robinsonun sözlərinə görə, bir çox böhran vəziyyətlərində rəsmi torpaq reyestrləri və qeydiyyat sistemləri ya işləmir, ya da məhv edilib, buna görə də humanitar təşkilatlar insanların mənzil və torpaq hüquqlarını təsdiqləmək üçün alternativ üsullar axtarmaq məcburiyyətində qalırlar.

"Belə bir məntiqdən çıxış etmək olmaz: əgər insanın rəsmi sənədi yoxdursa, deməli, onun bu ərazidə olmaq hüququ yoxdur", - deyə o bildirib.

O, həmçinin humanitar müdaxilələrin risklərini qiymətləndirərkən şərti "işıqfor" sisteminin tətbiqi barədə də danışıb.

""Yaşıl" səviyyə hüquqların təsdiqlənə biləcəyini və müdaxilənin mümkün olduğunu, "sarı" qeyri-müəyyən vəziyyətə görə ehtiyatlı olmağın zəruriliyini, "qırmızı" isə münaqişələrin və potensial zərərin yüksək riskini bildirir", - deyə ekspert izah edib.

Onun sözlərinə görə, humanitar təşkilatlar həmçinin böhrandan əvvəl mövcud olmuş ayrı-seçkilik formalarını, o cümlədən qadınların mənzilə və əmlakın miras alınmasına məhdud çıxışını nəzərə almalıdırlar.

"Əsas məsələ ondan ibarətdir ki, biz insanların müdafiəsini artırmaq və onlara ən azı müvəqqəti yaşayış təhlükəsizliyinə zəmanət vermək üçün məhz indi nə edə bilərik", - deyə Robinson əlavə edib.