Qarabağ və Şərqi Zəngəzurda yeraltı su ehtiyatlarının optimallaşdırılması nəzərdə tutulur

İnfrastruktur
  • 24 fevral, 2026
  • 12:49
Qarabağ və Şərqi Zəngəzurda yeraltı su ehtiyatlarının optimallaşdırılması nəzərdə tutulur

Qarabağ və Şərqi Zəngəzur bölgəsində yeni su anbarlarının tikintisi yeraltı suların bərpasına imkan yaradacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə "Su təhlükəsizliyi Azərbaycanda: Tənzimləmə, risklər və biznesin məsuliyyətli hərəkətləri" mövzusunda keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, işğal dövründə bölgədə su ehtiyatlarına nəzarətin olmaması səbəbindən digər rayonlarda çoxsaylı artezian quyuları qazılıb:

"Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatları təkcə həmin əraziləri deyil, eyni zamanda Bərdə, Naftalan, Goranboy və digər qonşu rayonları da su ilə təmin edirdi. İşğal dövründə bu mənbələrə əlçatanlıq olmadığı üçün suvarma və məişət suyu tələbatını ödəmək məqsədilə alternativ olaraq subartezian quyuları qazılmışdı".

R.Axundzadə qeyd edib ki, bu proses bəzi ərazilərdə yeraltı su ehtiyatlarının azalmasına səbəb olub:

"Hazırda bəzi ərazilərdə yeraltı su səviyyəsi ən aşağı həddədir. Yeraltı su ehtiyatları özünü yavaş templə bərpa edən resurslardır. Buna görə də onların səmərəli və dayanıqlı idarə olunması xüsusi əhəmiyyət daşıyır".

O bildirib ki, Qarabağ azad edildikdən sonra alternativ və daha dayanıqlı su mənbələrinin yaradılması istiqamətində sistemli tədbirlər görülür:

"Bölgədə yeni su anbarları tikilir və su ehtiyatlarının mərkəzləşdirilmiş qaydada idarə olunması təmin edilir. Bu isə subartezian quyularına olan tələbatı azaldacaq. Harada ki, su kanallar və anbarlar vasitəsilə təmin olunacaq, həmin ərazilərdə artezian quyularına ehtiyac qalmayacaq".