Rəşad Nəbiyev: "Cənubi Qafqazda sülh yeni nəqliyyat layihələri üçün əsas yaradır"
- 10 oktyabr, 2025
- 14:42

Azərbaycan gələcəkdə Xəzər dənizindən Aralıq və Qara dənizlərə qədər birbaşa bağlantını təmin etməyi planlaşdırır, buna Zəngəzur dəhlizinin işə salınması, həmçinin Vaşinqtonda dəstəklənən və yeni nəqliyyat layihələri üçün siyasi əsas yaradan sülh təşəbbüsləri kömək edəcək.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Belçikanın paytaxtı Brüsseldə keçirilən "Global Gateway" konfransında bildirib.
"Dünən bəzi həmkarlarım məndən 14 gün ərzində Qara və Aralıq dənizlərinə çatmağın mümkün olub-olmayacağını soruşdular. Cavab belədir: "Bəli", çünki biz Zəngəzur dəhlizini və digər layihələri işə salmağı planlaşdırırıq", - nazir qeyd edib.
Onun sözlərinə görə, nəqliyyat infrastrukturunun inkişafının mühüm mərhələsi Ələt limanının gücünün artırılması olub: onun ötürmə qabiliyyəti 2030-cu ilə qədər ildə 10 milyon tondan 25 milyon tona qədər artırılacaq. Bu addım yük axınının sürətli artımı ilə şərtlənib - son üç il ərzində liman vasitəsilə tranzit həcmi beş dəfə artıb.
R.Nəbiyev qeyd edib ki, Azərbaycan Qazaxıstan və Gürcüstandan olan tərəfdaşlarla fəal koordinasiya sayəsində təkcə fiziki deyil, həm də bürokratik "darboğazları" aradan qaldırıb.
"Ölkədə Əlaqələndirmə Mərkəzi yaradılıb ki, bu da logistikanı optimallaşdırmağa, çatdırılma müddətlərini azaltmağa imkan verib. Əgər 2022-ci ildə yükü Çindən Gürcüstanın Poti və Batumi limanlarına çatdırmaq 53 gün vaxt aparırdısa, bu gün bu müddət cəmi 12–14 gündür. Azərbaycan ərazisindən keçən konteyner qatarlarının sayı da dəfələrlə, yəni 2003-cü ildə bir qatardan 2023-cü ildə 270 qatara qədər artıb, 2025-ci ilin sonuna qədər isə 1000 qatara qədər artım gözlənilir. Azərbaycan fiziki infrastrukturla yanaşı, nəqliyyatın idarə edilməsi üzrə rəqəmsal texnologiyaları fəal şəkildə inkişaf etdirir, real vaxt rejimində monitorinq, planlaşdırma və məlumat mübadiləsi sistemləri tətbiq edir. Bu, Orta Dəhlizin sadəcə marşrut deyil, etibar, şəffaflıq və innovasiyalara əsaslanan ağıllı nəqliyyat-logistika ekosisteminə çevrilməsini təmin edir", - o əlavə edib.